Ümumi fənlərin tədrisinin təşkili departamenti (ÜFTTD) və “Azərbaycan dili” kafedrasının birgə təşkilatçılığı ilə UNEC-in 95 illik yubileyi çərçivəsində 28 may Müstəqillik Gününə həsr olunmuş “Tarixi yaddaş milli və bədii təfəkkür işığında” mövzusunda elmi seminar keçirilib.
Seminarı giriş sözü ilə açan ÜFTTD-nin direktoru dos. Gülnarə Rzayeva Azərbaycan dövlətçiliyinin tarixindən, Ulu Öndər Heydər Əliyevin milli müstəqilliyimizin möhkəmləndirilməsindəki misilsiz xidmətlərindən danışaraq qeyd edib ki, “müstəqillik sadəcə siyasi status deyil, bu, bir millətin öz taleyini müəyyən etmə iradəsidir.” O, həmçinin bugünkü gəncliyin müstəqillik ideallarına sədaqətlə xidmət etməsinin vacibliyini vurğulayıb.
Sonra “Azərbaycan dili” kafedrasının müdiri prof.Tofiq Əbdülhəsənov öz çıxışında müstəqil Azərbaycanın təhsil sistemində qazanılan uğurları diqqətə çatdıraraq, “milli dəyərlərə əsaslanan təhsil müstəqil dövlətin təməlidir” fikrini irəli sürüb. O, tələbələrin və gənc mütəxəssislərin vətənpərvərlik ruhunda yetişdirilməsinin önəmini xüsusi qeyd edib.
Seminarda “Azərbaycan dili” kafedrasının dosentləri Mətanət Əmrahova, Vəfa Allahverdiyeva və müəllim Elza Babayeva çıxış edərək, müstəqillik illərində Azərbaycan ədəbiyyatının formalaşmasında mühüm rol oynayan azərbaycançılıq ideyalarından, bu ideyaları təcəssüm etdirən, geniş xalq kütlələrinə çatdıran şair və yazıçılarımızın müstəqillik savaşına, milli istiqlala əvəzsiz xidmətlərindən bəhs ediblər.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.