UNEC-in Türk Dünyası İqtisad (TUDİFAK) fakültəsində “Azərbaycan Respublikasının ərazi bütövlüyü və milli maraqlarına zidd olan təhrif olunmuş xəritələrdən istifadənin qarşısının alınması” məqsədilə "Türk dünyası iqtisad" fakültəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə "İqtisadiyyat və işlətmə" kafedrasının müəllimi Rəşid Sadıxov mövzu ətrafında geniş çıxış edərək, Ermənistan tərəfindən işğal olunmuş ərazilərə təhrif edilmiş formada istinad edən xəritələrin istifadəsinin milli maraqlara zidd olduğunu vurğulamış, bu hallarla mübarizənin hüquqi və elmi müstəvidə aparılmasının vacibliyini qeyd etmişdir. O, xüsusilə təhsil və elmi tədqiqat sahələrində bu kimi hallara qarşı diqqətli yanaşmanın əhəmiyyətini iştirakçıların diqqətinə çatdırmışdır.
Sonra fakültə dekanının müavini Cavahirxanım Məmmədova da məsələ ilə bağlı fakültənin mövqeyini açıqlayaraq, tələbələr və akademik heyət arasında bu istiqamətdə maarifləndirici tədbirlərin davam etdiriləcəyini bildirmişdir. O, həmçinin belə halların qarşısının alınmasında ictimai və akademik məsuliyyətin önəmini qeyd etmişdir.
Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanmış, mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.