A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində, Ümumi fənlərin tədrisinin təşkili departamentində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xüsusi dərslər keçirilib.

Dərslər Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb.

Dərslər zamanı tələbələrə 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün davam edən və Zəfərlə başa çatan Vətən müharibəsi haqqında məlumat verilib. Qeyd olunub ki, şanlı ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə düşməni darmadağın edərək uzun illər işğal altında qalan torpaqlarımızı azad edib, Azərbaycanın gücünü və iradəsini bütün dünyaya nümayiş etdirib. Vətən müharibəsində qazanılan tarixi Qələbənin Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri olduğu vurğulanıb. Şəhidlərimizin əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağı və onların bizə bəxş etdikləri Zəfərin daim qürurla anılacağı bildirilib.

Dərslərin sonunda tələbələrin fikirləri dinlənib, onları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR