A

UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icrasına həsr olunmuş maarifləndirici seminar keçirilib.

Tədbirdə Bakı şəhəri Nərimanov rayonu Polis İdarəsinin Cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Arzu Quliyev geniş məruzə ilə çıxış edərək, ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizənin əsas istiqamətləri barədə ətraflı məlumat verib. O bildirib ki, narkomanlıq və narkotiklərin qanunsuz dövriyyəsi bu gün yalnız ayrı-ayrı ölkələrin deyil, bütün dünyanın qarşısında duran ciddi təhlükələrdən biridir.

Kapitan Arzu Quliyev qeyd edib ki, Azərbaycan Respublikasında bu təhlükəyə qarşı dövlət səviyyəsində ciddi tədbirlər görülür. Sosial-iqtisadi sabitliyin təmin edilməsi, vətəndaşların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomaniyaya qarşı mübarizə ümummilli vəzifə kimi müəyyən olunub. O, narkotiklərin yaratdığı təhlükələr, o cümlədən insan psixikasına və cəmiyyətə vurduğu zərər, cinayətkarlığın artmasına təsiri və terrorizmin maliyyələşdirilməsində oynadığı rol haqqında da danışıb.

Çıxışdan sonra fakültənin dekan müavini Müşrəvan Əliyev mövzu ətrafında fikir mübadiləsi apararaq, tələbələrin mövzuya dair düşüncələrini dinləyib və bu cür tədbirlərin maarifləndirmə baxımından əhəmiyyətini vurğulayıb.

Sonda tələbələrin mövzu ətrafında sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR