Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin 2020-ci il məzunu Aqil Mirzəliyevin şəhadətindən beş il ötür.
Anım günü münasibətilə İsmayıllı rayon Şəhidlər Xiyabanında keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhid ailələri, şəhidin təhsil aldığı məktəbin kollektivi, şəhidin ailə üzvləri, UNEC-in Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev, tələbələr və digər qonaqlar iştirak ediblər.
Şəhidin anım günündə fakültə dekanı dosent Hafis Hacıyev və şəhidin anası Aynurə Mirzəliyeva onunla bağlı xatirələrini bölüşüblər.
Sonra şəhidin məzarı ziyarət edilib, şəhidin xatirəsini ehtiramla yad edərək, məzarı üzərinə gül dəstələri düzüblər.
Aqil Mirzəliyev döyüşlərdə göstərdiyi şücaətə görə, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət ordeni” ilə təltif edilib.