Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin rəmzi olan 8 Noyabr- Zəfər Günü münasibətilə UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamenti və “Azərbaycan dili” kafedrasının birgə təşkilatçılığı ilə “Zəfərimiz – Qürurumuzdur” adlı şeir müsabiqəsi keçirilib.
Tədbirin məqsədi tələbələrdə vətənpərvərlik hisslərinin gücləndirilməsi, ədəbiyyat vasitəsilə milli ruhun və mübarizlik dəyərlərinin təbliği olub. Müsabiqədə UNEC-in müxtəlif fakültələrindən olan tələbələr Zəfər Gününə, Vətən müharibəsi qəhrəmanlarına və şəhidlərimizin əziz xatirəsinə həsr etdikləri şeirlərlə çıxış ediblər.
Müsabiqənin gedişini münsiflər heyəti – dosent Gülnarə Rzayeva, professor Tofiq Əbdülhəsənov, dosent Vəfa Allahverdiyeva, dosent Gülbəniz İsmayılzadə, dosent Mətanət Əmrahova və baş müəllim Samirə Əhmədova qiymətləndirib. Onlar iştirakçıların poetik bacarıqlarını, bədii ifadə imkanlarını və mövzuya yanaşma tərzini nəzərə alaraq qalibləri müəyyən ediblər.
Nəticələrə əsasən:
I yer – “Biznes və menecment” fakültəsinin tələbəsi Fidan Şərifova
II yer – “Maliyyə və mühasibat” fakültəsinin tələbəsi Fidan Qasımova
III yer – Rus İqtisad Məktəbinin tələbəsi Ceyla Əlizadə
Qaliblərə sertifikatlar, bütün iştirakçılara isə fəallıqlarına görə təşəkkürnamələr təqdim olunub.