“Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində tələbələr üçün “Zəfər Günü xalqımızın qürur mənbəyidir” mövzusunda seminar keçirilib.
Tədbir Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbiri giriş sözü ilə fakültənin dekanı dosent Hafis Hacıyev açaraq, xalqımızın yaddaşında əbədiləşən, 2020-ci ilin sentyabr ayının 27-də başlayaraq 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən Müharibəsinin tariximizin ən şanlı səhifəsinə, xalqımızın iftixar və qürur mənbəyinə çevrildiyini bildirərək, bu qələbənin Azərbaycan xalqının milli birliyi, ordumuzun qəhrəmanlığı və xalqımızın sarsılmaz iradəsi nəticəsində əldə edildiyini vurğulayıb və 8 Noyabr – Zəfər Gününün gənc nəsillərin vətənpərvərlik ruhunun möhkəmlənməsi, şəhidlərimizin xatirəsinin ehtiramla yad edilməsi və gələcək uğurlar üçün ilham və nümunə mənbəyi kimi qiymətləndirildiyini qeyd edib.
“Humanitar fənlər” kafedrasının dosenti Cəmilə Həsənova çıxış edərək 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının tarixində müstəqilliyimizin, dövlətçiliyimizin və milli birliyimizin parlaq təcəssümü olduğunu vurğulayıb, Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin xalqımızın igidliyinin, ordumuzun qüdrətinin və Vətən sevgisinin ən parlaq nümunəsi olduğunu qeyd edib, həmçinin Zəfər Gününün gənc nəsilin vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.