UNEC Sabah Mərkəzində 12 Noyabr – Konstitusiya Günü və 17 Noyabr – Milli Dirçəliş Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə çıxış edən Sabah Mərkəzinin müəllimi Şəbnəm Həsənova bildirib ki, Azərbaycan Konstitusiyası siyasi sistemin və cəmiyyətin əsas hüquqi çərçivəsini müəyyən edən, insan hüquq və azadlıqlarını təmin edən fundamental sənəddir. O, qeyd edib ki, Konstitusiya həm vətəndaşların hüquq və vəzifələrini müəyyən edir, həm də dövlət qurumlarının və səlahiyyətli şəxslərin fəaliyyətinə hüquqi tənzimləmə gətirir.
Ş. Həsənova Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə bütün sahələrdə canlanmanın başlandığını qeyd edərək, həmin dövrdə dövlətin xilası üçün atılan ən vacib addımlardan birinin Konstitusiyanın hazırlanması olduğunu vurğulayıb. Ulu Öndərin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də qəbul olunan Konstitusiyanın Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, institusional islahatların həyata keçirilməsində böyük rol oynadığı diqqətə çatdırılıb.
Tədbirdə həmçinin 17 Noyabr – Milli Dirçəliş Gününün tarixi əhəmiyyəti vurğulanıb. Bildirilib ki, bu gün Azərbaycan xalqının milli dövlətçilik ideyalarının yenidən dirçəlişinin rəmzi olaraq tarixə düşüb. 1988-ci il noyabrın 17-də Bakının Azadlıq meydanında başlanan kütləvi mitinqlər SSRİ rəhbərliyinin Qarabağ məsələsində apardığı ədalətsiz və anti-Azərbaycan siyasətinə qarşı xalqın iradəsinin güclü təzahürü idi. Milyonlarla insanın iştirak etdiyi bu mitinqlər Azərbaycan xalqının azadlıq əzmini və mübarizə ruhunu nümayiş etdirdi.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.