UNEC-in Qida mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr üçün “Veysəloğlu” şirkətlər qrupuna məxsus “Ulduz” şokolad fabrikinə istehsalat ekskursiyası təşkil olunub.
Ekskursiyada bölmə rəhbəri dos. Mehriban Məhərrəmova, dos. İlhamə Kazımova, dos. Könül Rəhimova və 361-ci qrupun tələbələri iştirak ediblər.
Səfərin əsas məqsədi tələbələrin qida sənayesində tətbiq olunan müasir istehsal prosesləri ilə yaxından tanış olması, nəzəri biliklərini praktik mühitdə müşahidə etməsi və peşə bacarıqlarının inkişaf etdirilməsi olub. Fabrikdə şokolad məmulatlarının istehsal mərhələləri, istifadə olunan xammal növləri, texnoloji avadanlıqlar, keyfiyyətə nəzarət və qida təhlükəsizliyi sistemləri, o cümlədən HACCP haqqında ətraflı məlumat verilib.
Tələbələr istehsal prosesini yerində izləyib, onları maraqlandıran suallara cavab alaraq müasir qida mühəndisliyinin real iş mühiti ilə yaxından tanış olublar.
Ekskursiya tələbələr üçün həm maarifləndirici, həm də gələcək peşə fəaliyyətləri baxımından faydalı olub.