UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən UNEC Debat Klubu 13–14 dekabr 2025-ci il tarixlərində keçirilən “Bakı Gənclər Debat Forumu: Qış – 2025” forumunda uğurla iştirak edərək yüksək nəticələr əldə edib.
Forum Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ev sahibliyi, “Azərbaycan Youth Network” İB və Hope Academy-nin tərəfdaşlığı ilə təşkil olunub.
İki gün davam edən forum çərçivəsində ölkənin 15 ali təhsil müəssisəsindən Azərbaycan və Rus bölmələri üzrə 55 komanda, ümumilikdə isə 800-dən çox gənc iştirak edib.
Azərbaycan Dövlət İqtisad Universiteti forumda Azərbaycan bölməsi üzrə Radius, Dollara-Manat, Monopolya və Bank of UNEC, Rus bölməsi üzrə isə Olimp, Sansar, Alfa və Rubla-Manat komandaları ilə təmsil olunub. UNEC Debat Klubunun komandaları hər iki bölmə üzrə yüksək debat bacarıqları nümayiş etdirərək final mərhələsinə yüksəlib.
Azərbaycan bölməsi üzrə Radius, Rus bölməsi üzrə isə Rubla-Manat komandaları final mərhələsində çıxış edib.
28 dekabr 2025-ci il tarixində keçirilən final qarşılaşmalarının nəticələrinə əsasən, 5 hakimin yekdil qərarı ilə qaliblər müəyyən edilib:
- Azərbaycan sektoru üzrə I yer – UNEC-in “Radius” komandası
- Azərbaycan sektoru üzrə II yer – Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Nano-98” komandası
- Rus sektoru üzrə I yer – Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Мы АзИИ” komandası
- Rus sektoru üzrə II yer – UNEC-in “Rubla-Manat” komandası
Qalib komandalar kubok, diplom və medallarla təltif olunub.