UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə 20 Yanvar hadisələrinin tarixi əhəmiyyəti, Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda göstərdiyi qəhrəmanlıq nümunələri barədə geniş məlumat verilib.
ISE-nin direktoru İnara Rzyeva çıxış edərək qeyd edib ki, 20 Yanvar faciəsi xalqımızın iradəsini, azadlıq ruhunu və müstəqillik əzmini sarsıda bilməyib, əksinə, bu hadisə milli birliyin və dövlətçilik ideyalarının formalaşmasında mühüm rol oynayıb. O, gənc nəslin bu tarixi dərindən öyrənməsinin, şəhidlərin xatirəsinə hörmətlə yanaşmasının və vətənə sədaqət ruhunda tərbiyə olunmasının vacibliyini vurğulayıb.
Sonra ISE-nin tələbəsi Davud Şeydayev çıxış edərək 20 Yanvar hadisələrinin gənclərin vətənpərvərlik ruhunun formalaşmasında xüsusi əhəmiyyət daşıdığını bildirib. O, bu faciənin xalqımızın azadlıq uğrunda apardığı mübarizənin şanlı səhifələrindən biri olduğunu qeyd edib və şəhidlərin xatirəsinin daim ehtiramla yad edilməsinin gənclərin mənəvi borcu olduğunu bildirib.
Tədbir çərçivəsində 20 Yanvar faciəsinə həsr olunmuş videoçarxlar nümayiş etdirilib, tələbələrin mövzu ilə bağlı hazırladıqları təqdimatlar dinlənilib.