Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və İdarəetmə fakültəsində “İqtisadiyyat” kafedrasının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirin əvvəlində 20 Yanvar faciəsinin qurbanları timsalında Azərbaycanın müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə kafedranın müdiri, dosent Suqra Hümbətova açaraq 20 Yanvar hadisələrinin Azərbaycanın tarixində qanlı, eyni zamanda milli mübarizə səhifəsi olduğunu vurğulayıb. O, bu faciə ilə bağlı həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini qeyd edib.
Daha sonra kafedranın dosenti Rəsmiyyə Məmmədova çıxış edərək faciəni əks etdirən sənədli məlumatlar və tarixi fotolarla zəngin təqdimatla çıxış edib. O, 20 Yanvar faciəsinin baş vermə səbəblərinin tarixi köklərindən, Azərbaycan xalqına qarşı törədilən qətliamdan ətraflı bəhs edib.
Tədbirdə, həmçinin kafedranın dosentləri Xankişi Xankişiyev, Pərviz Səmədov və müəllim Aslan Əzimzadə çıxış edərək 20 Yanvar şəhidlərinin göstərdiyi qəhrəmanlığın Azərbaycan xalqının azadlıq iradəsinin təcəssümü olduğunu bildiriblər.
Çıxışlarda vurğulanıb ki, bu gün müstəqil və azad Azərbaycanda yaşayırıqsa, bunu 20 Yanvar şəhidlərinə borcluyuq. Bu gün üçrəngli bayrağımız dalğalanırsa, bu, həmin gecə Vətən uğrunda canından keçənlərin sayəsindədir. Şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.