Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələr arasında keçirilən və universitetin daxili vəsaiti hesabına maliyyələşdirilən startap müsabiqəsinin qalibləri müəyyən edilib.
Müsabiqə çərçivəsində təqdim olunan çoxsaylı innovativ layihələr arasından 9 qalib layihədən biri də TamTam Qida Platforması olub.
TamTam layihəsi UNEC-in İqtisadiyyat və İdarəetmə fakültəsinin 3-cü kurs tələbələri Adil Məhərrəmov, Ziya Əmirov və Nuray Abdullayeva tərəfindən hazırlanıb. TamTam platforması market və restoranlarda günün sonunda satılmayan, lakin keyfiyyətini və istehlak üçün yararlılığını qoruyan qida məhsullarının endirimli qiymətlərlə istifadəçilərə təqdim edilməsini nəzərdə tutur.
Layihənin məqsədi bir tərəfdən qida israfının qarşısını almaq, digər tərəfdən isə vətəndaşlara daha münasib qiymətlərlə qida əldə etmək imkanı yaratmaqdır. TamTam həm biznes subyektləri üçün itkilərin azaldılmasına, həm də cəmiyyət üçün sosial və ekoloji faydanın formalaşmasına xidmət edir.