UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin müşaviri Hüseyn Hüseynov tərəfindən tələbələr üçün karyera və süni intellekt mövzusunda görüş keçirilib.
Görüş ISE Next Gen Student Club və ISE direktor müavini Aysel Quliyevanın təşkilatçılığı və SABAH qruplarının tələbələrinin iştirakı ilə baş tutub.
Hüzeyn Hüseynov iştirakçılarla karyera qurma istiqamətləri, əmək bazarının müasir tələbləri və süni intellektin iqtisadiyyata təsiri barədə fikirlərini bölüşüb. Həmçinin insan kapitalının formalaşdırılmasının strateji əhəmiyyətindən danışaraq bilik, bacarıq və peşəkar səriştələrin davamlı inkişafının ölkənin rəqabət qabiliyyətinə birbaşa təsir etdiyini vurğulayıb.
Eyni zamanda əmək bazarının müasir xüsusiyyətləri – rəqəmsallaşma, çevik iş modelləri, innovativ sahələrin sürətli inkişafı və ixtisaslaşmanın artması haqqında məlumat verib.
Sonda süni intellekt və yeni texnologiyaların peşə seçimlərinə təsirindən bəhs edən H.Hüseynov tələbələrə daim öz üzərlərində işləməyi, yeni bacarıqlar əldə etməyi və dəyişən mühitə uyğunlaşmağı tövsiyə edib.