UNEC-in Biznes və Menecment fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr edilmiş seminar keçirilib.
Tədbiri giriş sözü ilə açan fakültə dekan müavini dos. Elbrus Əkbərov erməni işğalçılarının torpaqlarımızdan təmizlənməsi uğrunda canlarını fəda etmiş şəhidlərimizin qəhrəmanlığından, şanlı ordumuzun şücaətindən və Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü fəaliyyətindən danışıb.
Sonra fakültə TGT-nin sədri Səmayə Cəfərzadə Xocalı soyqırımı nəticəsində vəhşicəsinə qətlə yetirilən soydaşlarımızın arasında gənclərin, xüsusən də azyaşlı körpələrin olduğunu vurğulayaraq, gənclərə bu hadisələri heç vaxt unutmamağı səsləyib.
Daha sonra “Karyera planlaşdırılması və inkişafı” kafedrasının müəllimi Şəlalə Musayeva erməni vandalizminin tarix boyu xalqımıza gətirdiyi müsibətlərdən danışaraq, bu gün də onların qəsdli siyasətlərindən əl çəkmədiklərini qeyd edib.
Sonda tələbələri maraqlandıran sualları cavablandırılıb.