A

UNEC-in KİM-in 24/7 Kitabxanasında Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə oxucu-istifadəçilər, ISE tələbələri və kitabxana könüllüləri iştirak ediblər.

Kitabxananın müdiri Arzu Məmmədova çıxış edərək Xocalı faciəsinin müasir ədəbiyyatda öz əksini tapmış sənədli, publisistik və bədii əsərlər haqqında məlumat verib, həmçinin kitabxana fondunda mövcud olan nəşrlərlə iştirakçıları tanış edib.

UNEC Yaradıcılıq Mərkəzinin direktoru Elman Cəfərov Azərbaycan xalqına qarşı törədilmiş ötən əsrin ən ağır faciələrindən biri olan Xocalı soyqırımında itirilən insan həyatlarından, dağılan ailələrdən və erməni vandalizminin qurbanlarının yaşadığı acılardan bəhs edib. O, həmçinin Xocalı hadisələrinin qisasının alındığını, tarixi Zəfər sayəsində ədalətin bərqərar olduğunu vurğulayıb.

Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) direktor müavini Aysel Quliyeva çıxışında Xocalı soyqırımından danışaraq, xalqımızın bu gün tarixi ədalətin bərpasının qürurunu yaşadığını bildirib.

Tədbir UNEC Yaradıcılıq Mərkəzinin “Bədii qiraət” dərnəyinin üzvü, Biznes və menecment fakültəsinin tələbəsi Nərgiz Yusifovanın Xocalı faciəsinin ağrı-acısını və qurbanlarının xatirəsini əks etdirən duyğulu şeir ifası ilə davam edib.

Qeyd edək ki, tədbir UNEC Yaradıcılıq Mərkəzinin təşkilatçılığı, UNEC CLUBRARY kitabsevərlər klubu və ISE Book Club-un dəstəyi ilə baş tutub.

TOP XƏBƏRLƏR