A

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbi (ISE) tərəfindən Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində əslən Xocalıdan olan, faciə zamanı uşaq yaşlarında həmin hadisələrin canlı şahidi olmuş və ISE-nin keçmiş müəllimi Anar İbrahimovun tələbələrlə onlayn görüşü keçirilib.

Görüş zamanı Anar İbrahimov 1992-ci ilin fevralında baş verən faciəni şəxsi xatirələri əsasında səmimi şəkildə bölüşüb. O, şəhərin gecə saatlarında intensiv atəşə tutulmasını, insanların təşviş içində evlərini tərk etməsini və sərt qış şəraitində meşəlik və qarlı ərazilərlə hərəkət etməyə məcbur qalmasını xatırladıb. Uşaq yaddaşında həkk olunan qorxu və çətinlik dolu anların onun həyat baxışına və gələcək hədəflərinə ciddi təsir göstərdiyini vurğulayıb.

Həmçinin Anar İbrahimov tələbələrlə öz həyat və karyera yolunu, xüsusilə UNEC-də formalaşan akademik və peşəkar fəaliyyətini də bölüşüb. O, qarşılaşdığı sosial və şəxsi çətinliklərə baxmayaraq təhsildən yayınmadığını, davamlı, məqsədyönlü fəaliyyət sayəsində uğurlu karyera qurduğunu qeyd edib.

Hazırda dövlət proqramı çərçivəsində İspaniyada PhD proqramı üzrə təhsilini davam etdirdiyini bildirən Anar İbrahimov tələbələri əzmkarlığa, bilik və bacarıqlarını daim inkişaf etdirməyə çağırıb.

TOP XƏBƏRLƏR