UNEC-in Biznes və menecment fakültəsinin təşkilatçılığı ilə “Süni İntellektin Əmək Bazarı və Biznes Mühitinə Təsiri: Transformasiya və Yeni Çağırışlar” mövzusunda elmi-praktik seminar keçirilib.
Tədbir müasir texnologiyaların biznes mühitində və əmək bazarında yaratdığı qlobal dəyişikliklərin akademik müstəvidə təhlilinə həsr olunub.
Seminarda Biznes və menecment fakültəsinin katibi Elxan Salayev “Əmək bazarının müasir strukturunun formalaşmasında süni intellektin rolu və təsir mexanizmləri” mövzusunda məruzə ilə çıxış edib. O, süni intellekt texnologiyalarının yaranma tarixi və inkişaf mərhələləri haqqında məlumat verərək, bu texnologiyaların əmək bazarına inteqrasiyasını elmi aspektdən təhlil edib. Məruzəçi, həmçinin ənənəvi iş fəaliyyətinin dəyişməsi, rəqəmsallaşma fonunda yeni peşə profillərinin formalaşması və bu proseslərin əmək bazarına təsir mexanizmləri barədə fikirlərini iştirakçılarla bölüşüb.
Daha sonra UNEC-in “Karyera planlaşdırılması və inkişafı” kafedrasının müəllimi Saleh Həsənov “Süni intellektin tətbiqi çərçivəsində biznes mühitində əhəmiyyətli dəyişikliklər” mövzusunda çıxış edib. Məruzəçi süni intellekt həllərinin korporativ idarəetməyə, biznes modellərinin optimallaşdırılmasına və işgüzar mühitin gələcək inkişaf perspektivlərinə təsirini ətraflı izah edib. O, müasir rəqabət şəraitində şirkətlərin texnoloji yeniliklərə çevik adaptasiyasının vacibliyini və gələcək karyera quruculuğunda rəqəmsal bacarıqların əhəmiyyətini xüsusi vurğulayıb.
Seminarın sonunda məruzələr ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.