A

UNEC-də ISE Public Speaking Club və ISE Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Nitqdən nüfuza” adlı seminar keçirilib. Tədbirin əsas məqsədi tələbələrdə nitq mədəniyyətinin formalaşdırılması, özünüifadə bacarıqlarının inkişaf etdirilməsi və auditoriya qarşısında inamlı, təsirli çıxış vərdişlərinin gücləndirilməsi olub.

Tədbiri giriş sözü ilə açan fakültə direktoru dosent İnara Rzayeva tələbə təşəbbüslərinin önəmini vurğulayaraq bu cür layihələrin gənclərin həm akademik, həm də şəxsi inkişafında mühüm rol oynadığını qeyd edib.

Daha sonra TGT-nin fakültə üzrə sədri Kamran Abbasov çıxış edərək seminarın tələbələr arasında ünsiyyət, özünüifadə və təqdimat bacarıqlarının inkişafına mühüm töhfə verdiyini bildirib və iştirakçıları bu kimi layihələrdə daha aktiv olmağa çağırıb.

ISE Public Speaking Club-un prezidenti Davud Şeydayev təqdimatla çıxış edərək nitqin insanın şəxsi brendinin formalaşmasında və uğurlu karyera yolunda oynadığı roldan bəhs edib. O, effektiv ünsiyyətin əsas prinsipləri, auditoriya qarşısında inamlı çıxış, fikirlərin düzgün strukturlaşdırılması, eləcə də bədən dili və səs tonunun təsirli istifadəsi kimi vacib məqamlara toxunub.

Tədbirdə UNEC-in müxtəlif fakültələrindən olan tələbələr və Z. Əliyeva Məktəbinin şagirdləri də iştirak edərək seminarın daha geniş auditoriyaya çatmasına və mövzuya marağın artmasına töhfə veriblər. Tədbirin təşkilində UNEC Tələbə Gənclər Təşkilatının sədri Ziya Məstənov və ISE TGT sədri Kamran Abbasov da iştirak ediblər.

Seminar interaktiv formatda keçirilib və iştirakçılar suallar ünvanlayaraq mövzu ilə bağlı daha geniş məlumat əldə ediblər. Tədbir tələbələr tərəfindən böyük maraqla qarşılanıb və onların şəxsi inkişafına mühüm töhfə verib. Qeyd edək ki, bu görüşdən sonra ISE Public Speaking Club çərçivəsində nitq bacarıqlarının inkişafına yönəlmiş təlimlərin başlanması planlaşdırılır.

TOP XƏBƏRLƏR