UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) tələbələrin təşəbbüsü ilə yaradılan “ISE Journal Club” özünün ilk rəqəmsal jurnal nömrəsini təqdim edib.
2026-cı ilin mart ayına həsr olunan buraxılış tələbələrin akademik nailiyyətlərini, kampus həyatını və yaradıcılıq fəaliyyətlərini əhatə edir.
Layihənin məqsədi tələbə icması daxilində əlaqələri gücləndirmək, eyni zamanda gələcək nəsillər üçün motivasiyaedici və ilhamverici platforma formalaşdırmaqdır.
Jurnalda ISE tələbələrinin ACCA və CFA imtahanlarında qazandıqları uğurlar, yeni qəbul olunmuş tələbələr üçün təşkil edilən orientasiya proqramları, eləcə də fakültənin ACCA akkreditasiyası kimi mühüm akademik yeniliklər yer alıb. Bununla yanaşı, Tesla şirkətində çalışan UNEC məzunu Nilufər Səlimli ilə maraqlı müsahibə də oxuculara təqdim olunub.
Buraxılışda həmçinin tələbə klublarının fəaliyyəti, müxtəlif sosial tədbirlər, kitab və film tövsiyələri, yumoristik rubrikalar və “Müəllim Mükafatları 2026” kimi bölmələr də işıqlandırılıb.
Qeyd edək ki, jurnalın hazırlanmasında ISE Journal Club üzvləri Ülviyyə Xəlilova, Banuçiçək Şakizadə, İlahə Məhərrəmova, Ayla Babayeva, Zəhra Sadıqlı, Nərminə Ağayeva, Jalə Həsənzadə və Səlminaz Orucova fəal iştirak ediblər.