UNEC-in Mühəndislik fakültəsinin “Sənaye mühəndisliyi” ixtisası üzrə 712 saylı qrup tələbələri “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti İlqar Rəcəbov və professoru Məhəmmədəli Nuriyevin müşayiəti ilə Masallı rayonuna səfər reallaşdırıblar.
Səfər çərçivəsində tələbələr əvvəlcə Masallı şəhərində təşkil olunan kitab sərgisində iştirak edərək müxtəlif nəşrlərlə tanış olublar. Daha sonra onlar Şəhidlərin memorial kompleksini ziyarət edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini ehtiramla yad ediblər.
Tələbələr həmçinin Vətən müharibəsi şəhidi İntiqam Əsgərli və Aprel döyüşləri şəhidi Nurlan Əsgərlinin Masallıda yerləşən ev muzeyini ziyarət ediblər. Ziyarət zamanı şəhidlərin valideynləri ilə görüş keçirilib, onların xatirələri dinlənilib.
Sonda UNEC nümayəndələri tərəfindən muzeyə Dizayn Məktəbinin tələbələrinin hazırladığı əl işləri, eləcə də xatirə hədiyyələri təqdim olunub.