Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, “ASAN xidmət” və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Milli dövlətçilik yolumuz” adlı intellektual çempionat keçirilib.
Layihənin əsas məqsədi tələbələrin bilik və məntiqi düşünmə bacarıqlarının inkişaf etdirilməsi, onların intellektual potensialının üzə çıxarılması, komanda işi bacarıqlarının gücləndirilməsi və sağlam rəqabət mühitinin formalaşdırılması olub.
Çempionatda UNEC-lə yanaşı Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Universiteti, Bakı Slavyan Universiteti, Bakı Biznes Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan İdman Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti və Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri iştirak ediblər.
UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən “İqtisadçı İntellektual Oyunlar Klubu”nun “Dədə Qorqud” komandası çempionatda uğurlu çıxış edərək II yerə layiq görülüb.
Komandanın tərkibində Beynəlxalq İqtisadiyyat Məktəbinin IV kurs tələbəsi, komanda kapitanı İsmayıl Məmmədquluyev, III kurs tələbəsi Nəzrin Babayeva, “SABAH” Mərkəzinin IV kurs tələbəsi Azər Novruzov, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin I kurs tələbəsi Fuad Əmrəliyev, İqtisadiyyat və İdarəetmə fakültəsinin IV kurs tələbəsi Sadiq Bağırov və “Maliyyə və mühasibat” fakültəsinin IV kurs tələbəsi Qüdrət Məhərrəmov yer alıblar.
Yekun nəticələrə əsasən, Azərbaycan Tibb Universitetinin komandası I yerə, Bakı Dövlət Universitetinin komandası isə III yerə layiq görülüb.