“Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2023-cü il tarixli 4060 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının icrası ilə bağlı olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində UNEC Karyera Mərkəzinin dəstəyi ilə tələbələr üçün “Rəqəmsal dünyada kibertəhlükəsizlik” mövzusunda təlim keçirilib.
UNEC-in “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının müəllimi Aytac İbrahimova geniş təqdimatla çıxış edərək, müasir dövrdə rəqəmsallaşma proseslərinin sürətlənməsi, süni intellekt texnologiyalarının geniş tətbiqi və rəqəmsal platformalardan istifadənin artması fonunda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik məsələlərinin cəmiyyətin bütün sahələri üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb, kibertəhlükələrin miqyasının genişləndiyini və bu istiqamətdə gənclərin maarifləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Təlim zamanı iştirakçılara kibertəhlükəsizlik sahəsində müasir çağırışlar, fərdi məlumatların qorunması, sosial şəbəkələrdə təhlükəsiz davranış qaydaları, kiberdələduzluq halları, fişinq hücumları, rəqəmsal mühitdə etik davranış prinsipləri və kiberrisklərdən müdafiə mexanizmləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, informasiya təhlükəsizliyinin təmin olunması yalnız texniki məsələ deyil, eyni zamanda hər bir istifadəçinin məsuliyyətli rəqəmsal davranış vərdişlərinin formalaşdırılmasını tələb edir.
Tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və kibertəhlükəsizlik sahəsində bilik və bacarıqların artırılmasının əhəmiyyəti diqqətə çatdırılıb.