UNEC İnklüziv Təhsil Mərkəzi və UNEC Dizayn Məktəbinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Bərabər imkanlarla sənət” sosial layihəsi uğurla yekunlaşıb.
Layihə çərçivəsində əlilliyi olan 15 yeniyetməyə UNEC Dizayn Məktəbinin professor-müəllim heyəti tərəfindən rəsm və heykəltaraşlıq üzrə baza bacarıqları tədris olunub. Layihənin məqsədi əlilliyi olan gənclərin yaradıcılıq potensialının inkişafına dəstək göstərmək, onların əl bacarıqlarını artırmaq və cəmiyyətə inteqrasiyasına töhfə vermək olub.
Sosial layihənin yekun hesabatı olaraq iştirakçıların dərslər ərzində hazırladıqları əl işlərindən ibarət “Bərabər imkanlarla sənət” adlı sərgi təşkil edilib. Sərgidə rəsm və heykəltaraşlıq nümunələri nümayiş olunub, iştirakçıların yaradıcılıq bacarıqları böyük maraqla qarşılanıb.
Tədbirin açılışında çıxış edən UNEC-in Tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova layihənin sosial əhəmiyyətindən bəhs edib. O bildirib ki, bu kimi təşəbbüslər həssas kateqoriyadan olan gənclərin özünəinamının formalaşmasına, yaradıcılıq imkanlarının üzə çıxarılmasına və sosial aktivliyinin artmasına mühüm töhfə verir.
UNEC Dizayn Məktəbinin direktoru dosent Lalə Məmmədova qeyd edib ki, layihə yaradıcılığın heç bir məhdudiyyət tanımadığını bir daha nümayiş etdirib. O, iştirakçıların qısa müddət ərzində əldə etdikləri nəticələrin sevindirici olduğunu vurğulayıb.
Sonra UNEC İnklüziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimova isə çıxışında bildirib ki, həyata keçirilən fəaliyyətlər əlilliyi olan gənclərin öz bacarıqlarını sərbəst şəkildə nümayiş etdirməsinə və cəmiyyət həyatında daha fəal iştirakına şərait yaradıb.
Sonda layihənin həyata keçirilməsində fəal iştirak edən UNEC İnklüziv Təhsil Dəstək Tələbə Təşkilatının könüllülərinə sertifikatlar təqdim olunub.