Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Biz Bir Ailəyik Əlilliyi Olan Şəxslərə Dəstək” İctimai Birliyi və UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə “İnklüziv İncəsənət Günləri” festivalı keçirilib.
Festivalın məqsədi əlilliyi olan şəxslərin istedad və bacarıqlarını nümayiş etdirmək, onların sosial və mədəni həyata daha fəal inteqrasiyasını təşviq etmək və cəmiyyətdə inklüziv dəyərləri təbliğ etmək olub.
Tədbir çərçivəsində inklüziv incəsənət sərgisi təşkil olunub, əlilliyi olan şəxslərin rəsm, dekorativ-tətbiqi sənət və digər yaradıcılıq nümunələri nümayiş etdirilib. Rəsmi açılış mərasimində layihə rəhbəri Günay Ağazadə, Milli Məclisin deputatları Vüqar İskəndərov və Müşfiq Cəfərov, həmçinin Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Raqif Zamanov çıxış edərək inklüzivliyin cəmiyyət üçün əhəmiyyətini vurğulayıblar.
Festivalın bədii proqramında musiqi, rəqs, bədii qiraət və digər yaradıcılıq nömrələri təqdim olunub. Eyni zamanda müxtəlif yaradıcılıq üzrə master-klasslar və psixoloji maarifləndirici görüşlər keçirilib.
İki gün davam edən festival iştirakçılar və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.