UNEC-də “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı UNEC-in Strateji Planı” çərçivəsində keçirilən Startap Günləri başa çatıb.
İki gün davam edən Startap Günlərində on beşə qədər ideyadan beşi seçilərək, finalda mübarizə aparıblar.
Münsiflər heyəti “TourX Cycle” layihəsini I yerə layiq görüblər. II yeri “Waste Management “, III yeri isə “Cake Al” layihələri qazanıb.
Qaliblərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, “EY Azerbaijan” şirkətinin və UNEC-in hədiyyələri təqdim olunub. Onlar diplom və sertifikatlarla təltif olunublar.
Qeyd edək ki, Startap Günlərinin keçirilməsində məqsəd yeni startapların yaradılmasına və internet biznesin inkişafına təkan verməkdir. Eyni zamanda, milli startap infrastrukturunu inkişaf etdirmək və tələbələrə bu istiqamətdə metodiki dəstək göstərmək də layihənin prioritetləri sırasındadır.
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, UNEC və Startap Azərbaycan Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən Startap Günləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində Yüksək Texnologiyalar Parkı və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun dəstəyi ilə reallaşıb.