A

UNEC-in rektoru, professor Ədalət Muradovun universitetə yeni qəbul olan tələbələrlə ənənəvi görüşləri başlayıb.

Görüşlərin əsas məqsədi birinci kurs tələbələrinə universiteti daha yaxından tanıtmaq, yeniliklər barədə ətraflı məlumat vermək, eyni zamanda onları narahat edən məsələləri dinləyib, operativ həllinə nail olmaq, birgə fikir mübadiləsi aparmaqdır.

Rektorun ilk görüşü Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) birinci kurs tələbələri ilə olub. Tələbə adını qazanması münasibətilə I kursları təbrik edən rektor, onlara təhsillərində uğurlar arzulayıb.

Tələbələrə təhsil aldıqları Beynəlxalq İqtisadiyyat Məktəbinin üstünlüklərindən söz açan Ə.Muradov fakültədə tədrisin tamamilə Qərb universitetlərinin proqramlarına uyğunlaşdırıldığını diqqətə çatdırıb. O, Beynəlxalq İqtisadiyyat Məktəbinin ölkənin ingilis dilində iqtisadyönümlü ixtisaslar üzrə ən zəngin və rəqabətsiz fakültəsi olduğunu xüsusi vurğulayıb. Beynəlxalq İqtisadiyyat Məktəbinə keçid balının ötən dövrlərlə müqayisədə daha da artaraq 629, maliyyə ixtisası üzrə isə 667 bala yüksəldiyini bildirən Ə.Muradov bu il II ixtisas qrupu üzrə 600-dən yuxarı bal toplayanların 63 faizinin məhz UNEC tələbəsi olması ilə qürur duyduğunu ifadə edib.

Görüşdə tələbələrə Fransanın Montpellier Universiteti ilə ikili diplom, həmçinin Avropa, Türkiyə və Rusiyanın nüfuzlu ali təhsil müəssisələri ilə mübadilə proqramlarından bəhs olunub. UNEC-ə 600-dən yüksək bal toplayaraq qəbul olunan abituriyentlərə 100 AZN məbləğində xüsusi təqaüd, hər semestr fakültələr üzrə ən yüksək bal toplayan 15 tələbəyə isə ikinci əlaçı təqaüdü verildiyi bildirilib. Rektor tələbələrə bu üstünlüklərdən yararlanmağı tövsiyə edərək onları UNEC-in sosial-ictimai həyatında fəal və təşəbbüskar olmağa səsləyib. Asudə vaxtlarının səmərəli keçirililməsi məqsədilə xüsusi istedadı olan tələbələri UNEC-in Yaradıcılıq Mərkəzinin dərnəklərinə üzv olmağa və Radio UNEC-in imkanlarından istifadə etməyə çağırıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, təklifləri dinlənilib.

Qeyd: 2018/2019-cu tədris ilində Beynəlxalq İqtisadiyyat Məktəbinə 5-i əcnəbi olmaqla 180 tələbə qəbul olub. UNEC-ə biri 700 bal olmaqla, 600-dən yuxarı balla daxil olan 347 tələbənin 175-i məhz Beynəlxalq İqtisadiyyat Məktəbini seçib. Onların 17-si isə Prezident təqaüdçüsüdür.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay