İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində, “Enterprise Azerbaijan” portalının və UNEC Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə “Startup marketing: ideya, məhsul və inkişaf strategiyası” mövzusunda təlim keçirilib.
Təlimin keçirilməsində məqsəd, startapçıların ideya ve layihələrini inkişaf etdirməsi üçün əsas vasitə ve alətlərin nədən ibarət olduğunu gənc startapçılara çatdırmaqdır.
UNEC-in Karyera Mərkəzinin və UNEC-in Digital Marketinq Mərkəzinin direktoru Ramil Cabbarovun apardığı təlimdə iştirakçılara rəqəmsal marketinq, ənənəvi marketinq ve marketinqdə ölçmə hesabatları ilə bağlı yeni məlumatlar təqdim edilib. Təlimdə əsasən Azərbaycanda fəaliyyət göstərən startapçıların, kiçik və orta sahibkarların öz ideya ve layihələrini xarici investorlara tanıdılması istiqamətində atmalı olduğu addımlar barədə danışılıb.
R.Cabbarov əlavə edib ki, startapların uğur qazanması üçün ilk öncə diqqət edilməli faktor ideyanın hər hansı problemi həll etməsi və istehlakçılar üçün fayda qazandırmasıdır. Bununla bağlı düzgün istiqaməti müəyyənləşdirmək üçün isə bazar və istehlakçı davranışları üzrə dərin marketinq araşdırmalarının aparılması tələb olunur. Bu anlamda marketinq startap üçün təbliğat, informasiya mübadiləsi, doğru mövqelənmə, məhsulun inkişafı, bazarda seqmentləşdirmə kimi bir çox dəstəkləyici funksiyaları daşımaqdadır.
Qeyd edək ki, “Startup marketing: ideya, məhsul və inkişaf strategiyası” mövzusunda təlimə 20-dən çox kiçik və orta sahibkarlıq fəaliyyəti göstərən şirkətin nümayəndəsi qatılıb.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.