Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dünya iqtisadiyyatı ixtisası üzrə SABAH qruplarının məzunu Elnarə Məmmədzadənin “Dataforest” startapı İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitinin (WSIS) “İKT tətbiqi: Həyatın bütün aspektlərində fayda – E-biznes” kateqoriyası üzrə çempionu seçilib.
İnformasiya Cəmiyyəti üzrə Dünya Sammiti rəqəmsal sahələrdə mövcud trendlərin, yenilik və çətinliklərin müzakirə edildiyi ən iri toplantı hesab olunur. Keyfiyyətli, sürətli və rahat bir mənbə olan “Dataforest” startapı dünyanın hər yerindən öz məlumatlarını yükləmək, paylaşmaq, boş vaxtlarında pul qazanmaq istəyən insanları, eləcə də şirkətləri birləşdirən unikal platformadır. 2018-ci ildə “MİT Qlobal Startap Laboratoriyası”nda yaranan bu startap “MİT GSL Azerbaijan Demoday”inin qalibi, “AWITA 2018”də isə “İlin Startapı” olaraq mükafatlandırılıb.
“Dataforest” WSIS Pay Sahibləri Cəmiyyəti tərəfindən təsdiqlənən 1064 layihədən biridir. Startapın aprelin 8-12-də İsveçrənin Cenevrə şəhərində keçiriləcək WSIS Forumunda 2 milyondan artıq səs toplayan 18 qalibin və 72 çempionun layihə sırasında mükafatlandırılması gözlənilir.