A

AZƏRTAC

Sağlamlıq imkanları məhdud gənclər qarşıya qoyduqları məqsədə doğru inamla irəliləsələr və öz hədəflərinə çatmaq üçün üzləşdikləri maneələri israrla keçsələr, onlarda heç bir kompleks qalmayacaq.

Bu sözləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Distant, Qiyabi və Əlavə Təhsil Mərkəzində biznesin idarə edilməsi ixtisası üzrə təhsil alan üçüncü kurs tələbəsi, fakültə Tələbə Elmi Cəmiyyətinin sədri Amin Fərəczadə AZƏRTAC-a müsahibəsində deyib. O, qeyd edib ki, hələ məktəbdə oxuduğu illərdə biznes sahəsinə maraq göstərib və bu sahə üzrə mükəmməl təhsili məhz UNEC-də ala biləcəyinə əmin olub: “Burada təhsil almaq mənə seçdiyim ixtisasa yiyələnməklə yanaşı, sosial həyatımın da genişlənməsinə imkan verir. Hazırda Tələbə Elmi Cəmiyyətində fəaliyyət göstərir, çoxşaxəli tədbirlər təşkil edirik. Bu, mənə gələcəkdə uğurlu addımlar atmaq üçün mühüm təcrübə qazandırır”.

A.Fərəczadə bildirib ki, ali təhsil ocağında fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzinə qayğıya ehtiyacı olan tələbələr tez-tez müraciət edirlər: “Mərkəzdə sağlamlıq imkanları məhdud tələbələrin imtahanlara hazırlaşması üçün hər cür şərait yaradılıb. Sağlamlığımda müəyyən problemlər olduğuna görə imtahanların keçirildiyi otaqlara getmədən imtahanları mərkəzdə verirəm. Burada, həmçinin müxtəlif maarifləndirici təlim və seminarlar təşkil olunur. İnklüziv Təhsil Mərkəzinin işində yaxından iştirak etsəm də, əsas fəaliyyətim universitetin Tələbə Elmi Cəmiyyətindədir. Hazırda tələbələr arasında “ATHENA” adlı bilik yarışını keçiririk”.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay