A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) SABAH Mərkəzinin “Mühasibat uçotu” ixtisasının III kurs tələbəsi Vəli Səməndərli Xorvatiyada keçirilən beynəlxalq elmi konfransda çıxış edib.

Konfransda  Azərbaycan, Polşa, Hindistan, Rusiya, Türkiyə, Litva, Xorvatiya və Slovakiya nümayəndələri iştirak edib. Azərbaycandan yeganə çıxışçı olaraq UNEC SABAH tələbəsi Vəli Səməndərli qatılıb.

V.Səməndərlinin “Təcavüzkar siyasətin Ermənistan iqtisadiyyatına təsiri” (İmpact of agressive policy to the economy of Armenia) mövzusunda etdiyi çıxış  konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

UNEC tələbəsi çıxışında sovetlər dövrünə də toxunaraq, Azərbaycan və Ermənistan arasındakı iqtisadi əlaqələrdən söz açıb. Azərbaycanın regionda həyata keçirdiyi dünya səviyyəli neft, qaz, dəmiryolu və s. kimi uğurlu layihələrini, onların böyük maliyyə tutumunu, Ermənistanın bundan kənarda qalmasını rəqəmlərlə diqqətə çatdırıb. Çıxışın sonunda Ermənistanın aqressiya və işğalçı siyasəti nəticəsində bu böyük layihələrdən kənarda qaldığını vurğulayıb.

Mövzunun bu sonluğa gələcəyini gözləməyən aparıcı azərbaycanlı tələbəyə  “Ermənistan iqtisadiyyatında turizmlə bağlı problemlərin həlli üçün hansı tövsiyələri verərdiniz?” sualını ünvanlayıb.

Vəli Səməndərli Ermənistan iqtisadiyyatında problemlərin başlıca səbəbi kimi işğalçı dövlətin Azərbaycana qarşı təcavüzkar mövqedə olduğunu göstərib. O qeyd edib ki, bu problemlərin həllinin kökündə münaqişənin sülh yolu ilə həll olunması və işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsi faktoru dayanır.

V.Səməndərli “Ermənistan iqtisadiyyatının xilası Azərbaycan torpaqlarının azad edilməsindən keçir” deyə, fikrini tamamlayıb.

Konfransdan sonra  Amerikanın Virginia (Wirginia) Universitetinin Menecment fakültəsinin hindistanlı professoru Abhishek Srivastava Qarabağ məsələsi ilə bağlı onda dəqiq təəssürat yaratdığı üçün Vəli Səməndərliyə minnətdarlığını bildirib.

UNEC-in tələbələri Vəli Səməndərli və Zaur Məmmədovun birlikdə hazırladıqları mövzuya Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun böyük elmi işçisi, UNEC-in alimi Fərhad Mikayılov rəhbərlik edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay