UNEC-in Mühəndislik fakültəsində “Suya qənaət – gələcəyə zəmanət” mövzusunda maarifləndirici görüş təşkil olunub.
Tədbir 2024–2027-ci illər üzrə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın həyata keçirilməsi çərçivəsində baş tutub və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq Tədbirlər Planına uyğun olaraq keçirilib.
Görüşdə “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti Fəridə Quliyeva çıxış edərək sudan səmərəli və qənaətli istifadənin müasir dövr üçün xüsusi aktuallıq kəsb etdiyini diqqətə çatdırıb. Bildirib ki, su həyat üçün əvəzsiz resursdur və onun düzgün idarə olunması həm ətraf mühitin qorunması, həm də iqtisadi səmərəliliyin təmin edilməsi baxımından mühüm rol oynayır.
Dosent qeyd edib ki, sudan qənaətli istifadə vərdişlərinin formalaşdırılması üçün istehlakçıların maarifləndirilməsi, innovativ texnologiyaların tətbiqi və effektiv təşviqat tədbirlərinin həyata keçirilməsi vacibdir.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.