UNEC tələbələrindən ibarət UNECode komandası “Urban Hackathon 2026” Dayanıqlı Şəhər Mobilliyi üzrə Milli Tələbə Hakatonunda iştirak edib.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin dəstəyi ilə təşkil olunan hakaton dayanıqlı şəhər mobilliyi sahəsində innovativ və tətbiq edilə bilən həllərin hazırlanmasına həsr olunub.
Müsabiqədə ölkənin müxtəlif ali təhsil müəssisələrini təmsil edən ümumilikdə 150 komandadan 30 komanda final mərhələsinə vəsiqə qazanıb.
Quba şəhərində keçirilən final mərhələsində UNECode komandası yaradıcı yanaşması və effektiv komanda fəaliyyəti ilə seçilərək III yerin sahibi olub.
Komandanın tərkibində Rəqəmsal İqtisadiyyat fakültəsinin “Kompüter elmləri” ixtisasının tələbələri Aşurbəy Məmmədzadə, Əli Səfərli, Zahid Təzəxanov, Məhəmməd Mərdanov və Tofiq Əliyev təmsil olunublar.
Hakatonda iştirakçılar şəhər mobilliyi sahəsində mövcud çağırışlara cavab verən innovativ həllər üzərində işləyərək real urban problemlərə praktik yanaşmalar təqdim ediblər.