UNEC-in Zaqatala filialında Maarifçi “Tələbə-Məzun Təcrübə Proqramı”na həsr olunmuş infosessiya keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən filialın direktoru, dosent Raqif Qasımov proqramın əhəmiyyətindən danışaraq bildirib ki, bu kimi təşəbbüslər tələbə və məzunların praktiki bilik və bacarıqlarının artırılmasında, onların əmək bazarına daha hazırlıqlı şəkildə inteqrasiyasında mühüm rol oynayır.
Sonra Karyera üzrə mütəxəssis Günay Mansurova “Tələbə-Məzun Təcrübə Proqramı”nı təqdim edib. O, proqramın məqsədi, mərhələləri və iştirak şərtləri barədə ətraflı məlumat verərək, iştirakçıların real iş mühiti ilə tanış olmaq, peşəkar bacarıqlarını inkişaf etdirmək və gələcək karyera imkanlarını genişləndirmək baxımından əldə edəcəkləri üstünlükləri diqqətə çatdırıb.
Bildirilib ki, proqram çərçivəsində iştirakçılar müxtəlif qurumlarda təcrübə keçmək imkanı əldə edəcək, mentor dəstəyi ilə bilik və bacarıqlarını təkmilləşdirəcəklər.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.