UNEC-də I Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış, “Azərbaycan bayrağı” ordenli qəhrəman döyüşçü Nazim Cəbrayılovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Anım mərasimində UNEC-in professor-müəllim və tələbə heyəti ilə yanaşı, ictimai-siyasi xadim Çimnaz Əliyeva, yazıçı-publisist Seyran Səxavət, radiojurnalist Ötərxan Eltac, şəhidin silahdaşı Rüstəm Hacıyev, həmçinin ailə üzvlərindən həyat yoldaşı Rahilə Cəbrayılova, qızları Fidan və Jalə Cəbrayılovalar iştirak ediblər.
Tədbir Vətən uğrunda canlarından keçmiş bütün şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən dosent Pikəxanım Xudiyeva Nazim Cəbrayılovun şərəfli həyat yolu və döyüş şücaəti haqqında iştirakçılara ətraflı məlumat verib.
Biznes və menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədov şəhidin qəhrəmanlığının gənclər üçün əsl vətənpərvərlik örnəyi olduğunu vurğulayıb. O, Ulu Öndər Heydər Əliyevin uzaqgörən ordu quruculuğu siyasətindən bəhs edərək, bu strateji xəttin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun qələbəsi, torpaqlarımızın azad edilməsi və suverenliyimizin tam bərpası ilə nəticələndiyini qeyd edib.
İctimai-siyasi xadim Çimnaz Əliyeva şəhidlə bağlı məktəb illərindən qalan xatirələrini bölüşərək, onun hələ gənc yaşlarından yüksək vətənpərvərliyi və igidliyi ilə seçildiyini bildirib.
Yazıçı Seyran Səxavət isə Nazim Cəbrayılovun gənclər üçün nümunəvi bir obraz yaratdığını vurğulayaraq, vətən sevgisini tərənnüm edən şeirlərini səsləndirib.
Şəhidin silahdaşı Rüstəm Hacıyev N.Cəbrayılovun bir tağım komandiri kimi göstərdiyi peşəkarlıqdan və gənc əsgərlərə göstərdiyi qayğıdan bəhs edib. Radiojurnalist Ötərxan Eltac isə qəhrəman döyüşçünün xatirəsinin əbədiləşdirilməsi məqsədilə nəşr olunan kitablar və mətbuatda işıqlandırılan qəhrəmanlıq salnaməsi barədə məlumat verib.
Şəhidin həyat yoldaşı Rahilə Cəbrayılova çıxış edərək N. Cəbrayılovun erməni işğalçılarına qarşı apardığı döyüşlərdə göstərdiyi şücaətdən, keçdiyi şərəfli və qəhrəmanlıqla dolu döyüş yolundan bəhs edib. O bildirib ki, N. Cəbrayılov Vətən uğrunda savaşlarda böyük rəşadətinə görə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub.
Tədbirin bədii hissəsində UNEC Yaradıcılıq Mərkəzinin üzvü Rəsul Hacızadənin tarda ifası dinlənilib, tələbələrdən Fidan Şərifova, Hacər Qasımlı və Elcanə Cabarova vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Sonda şəhid Nazim Cəbrayılovun həyat və döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub.