Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Ömürboyu Təhsil Mərkəzi və Maliyyə və mühasibat fakültəsinin birgə təşkilatçılığı ilə tələbələr üçün Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi tərəfindən hazırlanmış "Bankın kredit mütəxəssisi" sertifikasiya proqramının təqdimatı keçirilib.
Tədbiri Ömürboyu Təhsil Mərkəzinin direktoru Fuad Qasımov və Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, “Bankın kredit mütəxəssisi” sertifikasiya proqramının tələbələrin bank sektorunda kredit fəaliyyəti üzrə həm nəzəri biliklərinin, həm də praktiki bacarıqlarının inkişafına yönəldiyini bildiriblər və proqram çərçivəsində kredit prosesi, risklərin qiymətləndirilməsi, maliyyə təhlili, girov mexanizmləri, problemli kreditlərlə iş, eləcə də normativ-hüquqi baza üzrə praktiki təlimlərin keçiriləcəyini qeyd ediblər.
Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin direktoru Əzizağa Haxverdiyev çıxış edərək “Bankın kredit mütəxəssisi” sertifikasiya proqramının əsas məqsədi, tədris modulları, proqramın müddəti, əhatə etdiyi nəzəri və praktiki mövzular, qiymətləndirmə mexanizmi və təlim prosesinə cəlb olunan peşəkar təlimçilər barədə ətraflı məlumat verib, proqramın bank sektorunun tələblərinə uyğun şəkildə hazırlandığını vurğulayıb.
Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.