UNEC-in Türk Dünyası İqtisad Fakültəsində “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı tədbir keçirilib.
Tədbirdə Türk Dünyası İqtisad Fakültəsinin (TUDİFAK) rəhbərliyi, professor-müəllim və tələbə heyəti Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan fakültə məzunları Sabir Əlıyev və Ağaəmi Heybətovun ailə üzvləri ilə görüşüblər.
Tədbirdən öncə şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
UNEC-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova şəhidlərin ailə üzvlərinə bağsağılğı verərək, qəhrəman övladlar böyüdən valideynlərin qarşısında baş əydiyini deyib. Şəhid məzunlarımızla fəxr etdiyini diqqətə çatdıran prorektor, onların əziz xatirəsinin daim əziz tutulacağını və həyat yolunun hər bir gənc üçün örnək olacağını bildirib.
Şəhid Ağaəmi Heybətovun atası Elçin Heybətov və bacısı Həlimaxanım Heybətova Ağaəmi haqqında xatirələrini bölüşüblər. Ağaəminin vətənpərvərliyi, xeyirxahlığı ilə yaxınlarının hörmətini qazandığını, tələbəlik illərində fəallığı ilə seçildiyi üçün bir sıra sertifikatlarla təltif olunduğunu bildiriblər. H.Heybətova qardaşının döyüş yolundan da bəhs edib. Onun Aprel döyüşlərində könüllü iştirak etdiyini, bu barədə isə 4 ildən sonra, Ağaəmi şəhid olduqdan sonra xəbər tutduqlarını deyib. Ağaəminin sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak etmək üçün ailəsindən xəbərsiz orduya yazılaraq, könüllü şəkildə cəbhəyə yollandığını, Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqlar göstərdiyini, oktyabrın 16-da isə Goranboy rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldığını bildirib. A.Heybətovun ölümündən sonra Prezidentin sərəmcamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunduğunu və qardaşı ilə fəxr etdiyini vurğulayıb.
Şəhid Eldar Əliyevin bacısı Səbinə Əliyeva da qardaşı haqqında xoş xatirələrlini paylaşıb. Eldarın savadı, biliyi ilə fərqləndiyini, tələbəlik dövründə bir sıra intellektual yarışlarda, eləcə də beynəlxalq tədbirlərdə iştirak edərək sertifikatlar qazandığını, ingilis, rus və türk dillərini mükəmməl bildiyini deyib.
Eldarın Vətənə olan sevgisinin hər şeydən öndə gəldiyini deyən S.Əliyeva, onun İkinci Qarabağ müharibəsinə könüllü olaraq yollandığını, Füzuli, Hadrut və Cəbrayılın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşduğunu bildirib. Qardaşının oktyabrın 13-də Füzuli rayonu uğrunda gedən döyüşlərində şəhidlik zirvəsinə ucaldığını, ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, “Vətən uğrunda” medalı və Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün “Xocavəndin azad olunmasına görə” medalına layiq görüldüyünü söyləyib.
İqtisadiyyat və işlətmə kafedrasının müdiri, dosent Oqtay Əliyev Ağaəmi Heybətov və Eldar Əliyev haqqında xatirələrini bölüşüb. Hər iki məzunun dərslərinə məsuliyyətlə yanaşdıqlarını, müəllimlərinin və tələbə yoldaşlarının hörmət və sevgisini qazandıqlarını bildirib.
Tədbirə Türkiyədən qatılan TUDİFAK-ın sabiq dekanı Fərrux Tuzcuğolu, fakültənin hazırkı dekanı Yusif Əliyev, dekan müavini Cəvahir Məmmədova və tələbələr Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər odumuzun Vətən müharibəsindəki şanlı qələbəsindən danışıblar. Öz canı və qanı bahasına şanlı tariximizi yazan əsgərlərimizlə fəxr etdiklərini, şəhidlərin əziz xatirəsinin xalqımızın qəlbində daima yaşayacağını deyiblər.