UNEC-in 6 tələbəsi Vişegrad Beynəlxalq Təqaüd proqramının qalibi olub.
Vişegrad Beynəlxalq Təqaüd proqramı magistr və doktorantura dərəcəsinə müracət edən tələbələri V4 ölkələrində (Çexiya, Macarıstan, Polşa, Slovakiya) təhsil almaq üçün maliyyələşdirir.
Proqrama hər il dünyanın müxtəlif ölkəsindən yüzlərlə tələbə müraciət edir. Bu il Azərbaycanda keçirilən müsabiqədə 15 tələbə təqaüd proqramının qalibi olub ki, onların 6 nəfəri UNEC tələbəsidir. UNEC SABAH mərkəzinin 4-cü kurs tələbələri Sevinc Quliyeva, Fəridə Səfiyeva, Ayla Quliyeva, Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələri Nazir Abbasov, Nərmin Əkbərli, İqtisadiyyat fakültəsindən isə Pərviz Süleymanov beynəlxalq təqaüdü qazanaraq, Avropada təhsillərini davam etdirmək hüququ əldə ediblər.
Təqaüdün ümumi miqdarı 16,000 avro təşkil edir və tələbəyə semestr ərzində 2,500 avro (aylıq 480 avro), oxuduğu universitetə isə illik 3,000 avro ödəniş olunur.
Tələbələrimizi təbrik edirik, onlara uğurlar arzulayırıq!