A

UNEC-in bütün fakültələrində Vətən müharibəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib, eləcə də ilk dərslər Zəfər Gününə həsr olunub.

Dərslər Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Maliyyə və mühasibat fakültəsinin tələbələrinə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuzun Ermənistanın hərbi təxribatlarının qarşısını almaq məqsədilə 2020-ci ilin sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündən, 44 gün sürən hərbi əməliyyatlar nəticəsində işğal altında olan 300-dən çox yaşayış məntəqəsinin, o cümlədən xalqımız üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhərinin dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlar nəticəsində azad edilməsindən bəhs olunub. Fakültə rəhbərliyinin təşəbbüsü və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə müəllim və tələbələr Hərbi Qənimətlər Parkı və Zəfər Yarmarkasına səfər ediblər. Səfər zamanı tələbələr Vətən müharibəsində düşməndən qənimət götürülən hərbi texnika və sursatlarla, Müzəffər Ordumuz tərəfindən darmadağın edilən “keçilməz istehkamların” maketləri ilə, eləcə də müxtəlif mövzularda təşkil olunan sərgi və guşələrlə yaxından tanış olublar.

Ümumi fənlərin tədrisinin təşkili departamentinin keçiridiyi tədbirdə departamentin direktoru dosent Gülnarə Rzayeva, Xarici dillər kafedrasının müdiri professor Afət Abbasova, kafedranın dosenti Sevinc Ələkbərzadə, baş müəllim Aysel Xəlilova Zəfər Günü ilə bağlı məruzə ilə çıxış ediblər. Zəfər Gününün Türk dünyasındakı tarixindəki əhəmiyyətindən danışıblar.

İqtisadiyyat fakültəsində keçirilən dərslərdə Zəfər Gününə həsr olunan videoçarx nümayiş olunub, fakültənin Vətən müharibəsində şəhid olan məzunlarının yazdıqları qəhrəmanlıq salnaməsindən bəhs olunub.

Zəfər Günü münasibətilə Türk Dünyası İqtisad Faklütəsində qazi tələbə və məzunlarla görüş keçirilib. Görüşdə fakültə dekanı Mehmet Yüce Azərbaycanın Vətən müharibəsindəki müzəffər zəfərindən, bu haqq savaşında Türkiyənin hər zaman qardaş ölkənin yanında olduğundan danışıb.   Sonra qazi tələbələr qələbəyə aparan döyüş yollarından bəhs ediblər.

Beynəlxalq İqtisadiyyat Məktəbində (İSE) xarici dil müəllimi Aynur Mirzəyevanın keçdiyi dərsdə 1 nömrəli Şuşa məktəbi ilə telekörpü yaradılıb. Digər qrupda keçirilən dərsdə Vətən Müharibəsinin iştirakçısı, İSE Məktəbinin məzunu, “Suqovuşanın azad olunmasına görə” medal ilə təltif olunmuş Kamran Əzimovla görüş keçirilib. Zəfər Günü münasibətilə İSE tələbələri mentorları ilə birlikdə Zəfər yarmarkasını da ziyarət ediblər. Yarmarka əcnəbi tələbələrin xüsusi marağına səbəb olub.

Mühəndislik fakültəsində Mühəndislik və tətbiqi elmlər kafedrasının professor-müəllim heyəti və tələbələrin iştirakı ilə Zəfər gününə həsr olunan dəyirmi masa keçirilib. Həmçinin ilk dərslər Zəfər Gününə həsr olunub.

Rəqəmsal iqtisadiyyat fakültəsində Rəqəmsal texnologiyalar və tətbiqi informatika kafedrası ilə birlikdə Zəfər tariximiz barədə geniş təqdimat olub, fakültədə ilk dərslər şanlı tariximizə həsr edilib.

Magistratura mərkəzi və Humanitar fənlər kafedrasının birgə təşkilatçılığı ilə keçirilən Zəfər Gününə həsr olunan tədbirdə kafedranın dosenti Telman Niftəliyev və Magistratura mərkəzinin Vətən müharibəsində iştirak edən tələbələri Samir  Quliyev və Nurlan Bayramov çıxış ediblər. Tədbirdə Magistratura mərkəzinin Zəfər günü ilə bağlı hazırladığı videoçarx nümayiş olunub.

Rus İqtisad Məktəbində isə Zəfər Gününə həsr edilmiş bədii-musiqili tədbir təşkil olunub, eləcə də ilk dərslər zəfər tariximizə həsr edilib.

SABAH qruplarında tələbələrə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sarsılmaz iradəsi, yüksək sərkərdəlik bacarığı, diplomatik-siyasi məharəti, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində 8 noyabrın şanlı tariximizə Zəfər Günü kimi daxil olduğu barədə danışılıb.

UNEC Biznes Məktəbində magistrlərə 44 günlük Vətən müharibəsində əldə olunan müzəffər qələbədən bəhs olunub. Şanlı tariximizə qızıl hərflərlə yazılmış Zəfər Gününün əldə olunmasında UNEC-in tələbə və məzunlarının qəhrəmanlıq göstərdiyi bildirilib, onların arasında qazı və şəhidlərin olduğu diqqətə çatdırılıb.

UNEC-in Zaqatala filialında təşkil olunan tədbirdə filialın direktoru professor Orucəli Rzayev çıxış edərək, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin birinci ildönümü münasibətilə müəllim və tələbə heyətini təbrik edib. Filialın şəhid məzunlarının valideynlərinin qarşısında baş əydiyini deyən O.Rzayev, şəhidlərimizin xatirəsinin daim əziz tutulacağını qeyd edib.

Tədbirdə İqtisadiyyat və idarəetmə kafedrasının müdiri, dosent Səfər Razıyev, kafedranın müəllimi Qüdrət Qırtımov çıxışlarında Vətən müharibəsinin işğal altında olan ərazilərimizin qaytarılması ilə nəticələndiyini, tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini bildiriblər.

Tədbir UNEC-in Zaqatala filialının tələbələrinin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay