UNEC-in Zaqatala filialında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə filialın direktoru, professor Orucəli Rzayev dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində göstərdiyi əvəzsiz xidmətlərini diqqətə çatdıraraq, onun öz xalqını ən çətin vəziyyətlərdən çıxardığını, taleyüklü məsələlərin həllində daim müdrik məsləhətçi kimi çıxış etdiyini bildirib. Ulu öndərin Azərbaycanda insan hüquq və azadlıqlarının təminatı və müdafiəsi mexanizminin təkmilləşdirilməsində əvəzsiz rolunu vurğulayıb.
Tədbir müəllim və tələbələrin çıxışları ilə davam edib. Çıxış edənlər ulu öndər Heydər Əliyevin dövlət müstəqilliyimizə xidmət edən həyat və fəaliyyətinin ən önəmli məqamlarından danışıblar, bu dahi şəxsiyyətin dühasının Azərbaycan tarixindəki rolundan, xalqı, dövləti qarşısındakı misilsiz xidmətlərdən danışıblar. Ulu öndər Heydər Əliyevin uca zirvəyə qaldırdığı Azərbaycanın bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbəriliyi altında uğurla inkişaf etdiyini diqqətə çatdırıblar.