A

azvision.az

Azərbaycan gəncliyi Zəfər qazanmış, vətənpərvər bir gənclikdir.

Vətən müharibəsində bir daha gördük ki, dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan gəncliyi Ali Baş Komandanın ətrafında sıx birləşdi. O cümlədən, informasiya müharibəsində Azərbaycan gəncliyi fəal şəkildə iştirak edərək, bir daha dünyaya gücünü göstərdi.

Ölkəmizdə 2 fevral Gənclər Günü qeyd edilməkdədir. Bu gün Azərbaycan gəncliyi mədəniyyət, idman, elm, təhsil və digər sahələrdə yüksək nəaliyyətlər göstərir.

Ölkəmizdə gənclərin inkişafı ilə bağlı “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə”, “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə”, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” və digər dövlət proqramları qəbul edilib ki, bunlar gənclərə göstərilən yüksək qayğının bariz nümunəsidir.

Cənab Prezident İlham Əliyevin 2007-ci ilin “Gənclər ili” elan edilməsi, Gənclər Fondunun və, Gənclərin İnkişaf və Karyera Mərkəzinin yaradılması kimi addımları Azərbaycan gəncliyinin inkişafı üçün önəmli amillərdən olub. Prezidentin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis edilən “Yüksəliş” müsabiqəsi nəticə etibarilə Azərbaycan gəncliyinə göstərilən yüksək etimadı səciyyələndirir.

Eyni zamanda hər il ölkəmizdə müxtəlif istiqamətlər üzrə yüksək uğur və müvəffəqiyyət əldə etmiş gənclərə Prezident Mükafatı verilir ki, bu da Azərbaycan gəncliyinə ölkə rəhbərliyi tərəfindən göstərilən xüsusi diqqətin nümunəsidir.

Bu gün Azərbaycan gəncliyinin üzərinə böyük məsuliyyət düşür. Biz artıq Zəfər çalmış bir ölkənin gəncləriyik. Bu səbəbdən hər bir Azərbaycan gənci fəaliyyət göstərdiyi istənilən sahədə yüksək uğurlar əldə etməli, ölkəmizin dayanıqlı inkişafı naminə çalışmalı və fəaliyyət göstərməlidir.

Hər bir gənci 2 Fevral Gənclər Günü münasibətilə təbrik edirəm.

Rüfət Süleymanlı
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) THİK sədri

TOP XƏBƏRLƏR