A

UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin əməkdaşları kollecin unudulmaz məzunu, aprel döyüşləri iştirakçısı, Vətən müharibəsi şəhidi Qurbanov Murad Asif oğlunun məzarını ziyarət ediblər.

Kollec kollektivi şəhidin əziz xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Kollecin direktoru dosent Oruc Məmmədov şəhid Murad Qurbanovun tələbəlik illərindən söz açıb, onun nümunəvi, vətənini sevən tələbə olduğunu deyib.

Murad Qurbanov kolleci bitirdikdən sonra 2015-ci ilin iyul ayında Səbail rayonu Səfərbərlik idarəsindən həqiqi hərbi xidmətə çağırılıb. Tərtər rayonu Qaradağlı kəndində xidmət edib. Aprel döyüşlərində - Ağdamın Quzanlı kəndində, Tapqaraqoyunluda, Tərtər rayonu Qapanlı kəndində gedən döyüşlərdə fəal iştirak edib. 2020-ci ilin avqust ayının 20-də nişanlanan Murad Qurbanov həmin ilin sentyabrında könüllü olaraq səfərbərliyə yazılıb, ayın 29-da Cəbrayıl, Füzuli, Hadrut rayonu ərazilərində gedən döyüşlərdə qəhrəmancasına döyüşüb. Oktyabrın 13-də Hadrut döyüşlərində şəhidlik zirvəsinə ucalıb. Badamdar qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib.

Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Anım mərasimində “Vətən müharibəsində vəzifə borcunu şərəflə yerinə yetirərək, şəhidlik zirvəsinə yüksələrək gənc nəsil üçün örnək nümayiş etdirdiyinə görə” UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisadi Kollecinin Müsahibat uçotu ixtisası üzrə “Fəxri Məzun Diplomu” və “Şəhidlər ölməz” adlı xatirə hədiyyəsi şəhidin anasına təqdim olunub. 

Allah rəhmət eləsin!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay