A

2022-ci ildən UNEC-də Psixoloji Xidmət Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzin direktoru Şəfahət Abdullayeva fəaliyyətə başladıqları dövrdən indiyədək görülən işlər, göstərilən xidmətlər, eləcə də yeniliklər barədə UNEC News-a müsahibə verib.

Şəfahət xanım bir ildən çoxdur ki, UNEC-də Psixoloji Xidmət Mərkəzi fəaliyyət göstərir. Bu müddət ərzində hansı işləri görmüsünüz?

- Bu müddətdə tam gücümüzlə fəaliyyət göstərmişik, hazırda daha da genişlənmişik və mərkəzimizdə 3 psixoloq çalışır. UNEC-in bütün tədris binalarında xidmət göstəririk, seanslar keçiririk. Həm fərdi konsultasiyalar vermişik, həm də bütün fakültələrdə, eləcə də UNEC nəzdində fəaliyyət göstərən kolleclərdə imtahanqabağı stres və onun aradan qaldırılması yolları, məişət zorakılığı, sosial intellekt, narkomaniyaya qarşı mübarizə, liderlik psixologiyası mövzularında təlimlər keçmişik. Sevindirici məqamı da qeyd edim ki, artıq bəzi fakültələr və şöbələrin özləri onlar üçün mərkəzimiz tərəfindən görüşlərin və təlimlərin keçirilməsi təşəbbüsü ilə çıxış edirlər. 

Mərkəzə müraciət edənlər arasında kimlər daha çoxdur - müəllim, tələbə, yoxsa əməkdaşlar?

- Tələbələr daha çoxdur. Lakin bu ildən əməkdaşların da sayı çoxalıb. Biz üç prinsip əsasında işləyirik: könüllülük, ödənişsizlik və məxfiliyin qorunması.

Müraciət edənlər daha çox nədən şikayətlənirlər?

- Problemlərin əksəriyyətinin spektri müxtəlifdir. Əgər qruplaşdırsaq, bu, tələbələrin yaşından irəli gələn müəyyən xüsusiyyətlərlə bağlıdır. Məsələn, ünsiyyət çətinliyi, sevgi məsələləri, dostluq münasibətlərinin qurulması, eyni zamanda diqqət çatışmazlığı, yaddaş zəifliyi, qərarsızlıq kimi problemlərlə bağlı müraciət edənlər də olur. Bəziləri də cəmiyyətdəki problemlərdən qaynaqlanır.

İndiyədək neçə nəfərə psixoloji dəstək göstərmisiniz?

- Fəaliyyətə başladığımz dövrdən bu günə qədər Mərkəzimizə 260-a yaxın müraciət olub və 950-dən çox seans keçirmişik. Bu ildən isə müraciətlərin sayı kifayət qədər artıb. Əlbəttə ki, bu, bizə olan inamın nəticəsidir.

Bir şəxs neçə dəfə seans qəbul edə bilər?

- Problemi həll olunana qədər. Bu, bir həftə, hətta bir il də davam edə bilir. Biz adətən həftədə bir dəfə görüş təyin edib, seans keçiririk. Elə problemlər var ki, qısa zamanda həllini tapa bilir, bəziləri üçün isə uzunmüddətli seanslar lazım olur. Uzunmüddətli seanslar davamlılıq tələb edir və belə tələbələrimiz hazırda var.

Son zamanlar gənclər arasında intihar hallarının olmasını müşahidə edirik. Bunun qarşısını öncədən almaq mümkündürmü?

- Təəssüf ki, belə hallar olur. Həmin şəxslərin intihar həddinə gəlib çatmaması üçün onlarla fərdi seansların keçirilməsi çox önəmlidir. Stres yaşayan, depressiyaya düşən, ailə problemləri ilə qarşılaşan gənclər çox zaman bu problemlərlə təkbaşına mübarizə apara bilmirlər. Problemlərini ətrafındakı insanlara, yaxınlarına danışmaqdan çəkinirlər. O baxımdan psixoloji mərkəzlər həmin şəxslərə professional dəstək göstərə bilirlər. Ümumiyyətlə, psixoloji problemləri biz iki qrupa bölürük: sinir sisteminin xüsusiyyətindən yaranan psixoloji problemlər və şəxsi keyfiyyətlərlə bağlı, yəni formalaşdığı mühitlə bağlı yaranan psixoloji problemlər.

Sizcə, gənclərin psixoloji durumunda ümumi, oxşar problem nədir və ya nədədir?

- Əsasən onların yaş xüsusiyyəti, mühit dəyişikliyi, sevgi məsələləri, şəxsi keyfiyyətləri ilə bağlı olan problemlərdir.

- Problemini təyin etməkdə çətinlik çəkdiyiniz şəxslər olubmu?

Biz problemlərin səbəblərini axtarırıq və onunla işləmək yollarını təyin edirik. Mərkəzə müraciət edən bilir ki, problemi yaradan səbəbi düzgün yerdə axtarmır. Biz ona problemin əsl səbəbini göstəririk və həllinə ordan başlayırıq. Bu da müəyyən bir vaxt tələb edir.

Hazırda imtahan sessiyası dövrüdür və tələbələrin həyəcanı imtahan zamanı daha çox olur. Onlara nə tövsiyə edərdiniz?

- İmtahan həyəcanını hər birimiz yaşamışıq və bizə tanış hisslərdir.  Tələbələrə birinci tövsiyəmiz odur ki, imtahanlara yaxşı hazırlaşsınlar. Bu zaman həyəcan emosiyaları 90 faiz azalır. Həyəcan əsasən imtahan başlayan zaman, yəni suallarla tanışlıq zamanı yaranır. Bunun da aradan qaldırılması yolları kimi düzgün nəfəsalma, diqqətin başqa şeylərə yönəldilməməsi və s. bu kimi texnikaları tələbələrə öyrədirik.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay