UNEC əməkdaşlarının psixoloji rifahının gücləndirilməsi və iş mühitində effektivliyin artırılması məqsədilə Psixoloji Xidmət Mərkəzi tərəfindən “Stressin və emosional zəkanın idarə olunması” mövzusunda təlim keçirilib.
Təlim Psixoloji Xidmət Mərkəzinin rəhbəri, psixoloq dosent Şəfahət Abdullayevanın təqdimatı ilə baş tutub. Tədbirdə UNEC əməkdaşlarına stressin mahiyyəti, iş həyatında stressi tanımaq və onu effektiv şəkildə idarə etməyin yolları barədə ətraflı məlumat verilib. Eyni zamanda, emosional zəkanın (EQ) şəxsi və peşəkar həyatda əhəmiyyəti vurğulanıb, onun inkişaf etdirilməsi üçün praktik tövsiyələr səsləndirilib.
İnteraktiv formatda davam edən tədbirdə iştirakçıların sualları cavablandırılıb, real iş mühiti nümunələri üzərində müzakirələr aparılıb. İştirakçılar təlimi faydalı qiymətləndirərək bu cür maarifləndirici sessiyaların davamlı olmasının vacibliyini bildiriblər.