A

UNEC kollektivi iqtisad elmləri doktoru, professor Əsəd Dilbazovun anadan olmasının 100 illiyi münasibətilə onun doğum günündə məzarını ziyarət edib.

Ziyarət zamanı görkəmli alim və pedaqoqun əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Elmi irsi və pedaqoji fədakarlığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin yaddaşında silinməz iz qoyan Əsəd Dilbazov 1975-1980-ci illərdə dekan, 1984-1987-ci illərdə isə kafedra müdiri vəzifələrində çalışıb.

“Şöhrət” ordeni laureatı olan professor Əsəd Dilbazov təkcə görkəmli alim kimi deyil, həm də yüksək mənəvi keyfiyyətlərə malik əsl ziyalı nümunəsi kimi xatırlanır.

ƏSƏD DİLBAZOV HAQQINDA

Professor Əsəd Kamil ağa oğlu Dilbazov Azərbaycan tarix və iqtisad elminin görkəmli nümayəndələrindən, elmi fəaliyyəti və yüksək ziyalı mövqeyi ilə yadda qalan alimlərdən biri olmuşdur. Dilbazilər nəslinin tanınmış simalarından olan Əsəd Dilbazov ömrünü elmin inkişafına, ali təhsilin təşkili və yüksəkixtisaslı kadrların hazırlanmasına həsr etmişdir.

1926-cı ildə Qazax mahalının Xanlıqlar kəndində anadan olan Əsəd Dilbazov ağır repressiya illərinin sınaqlarından keçmiş, uşaqlıq və gənclik çağlarını sürgün və çətin həyat şəraiti ilə yaşamışdır. Buna baxmayaraq, elmə və təhsilə bağlılığı onun həyat yolunu müəyyənləşdirmişdir. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra elmi fəaliyyətə başlamış, ömrünün 56 ildən çoxunu ali məktəblərdə elmi-pedaqoji işə həsr etmişdir.

Professor Əsəd Dilbazov Azərbaycan iqtisadi tarixi elminin formalaşmasında mühüm rol oynamış alimlərdəndir. O, respublikada iqtisadi tarix sahəsində ilk doktorluq dissertasiyalarını müdafiə edənlərdən biri olmuş, bu elmi istiqamətin əsasını qoyan alimlər sırasında yer almışdır. Onun elmi araşdırmaları əsasən Azərbaycanın sosial-iqtisadi inkişaf problemlərinə, sənayenin formalaşması və iqtisadi münasibətlərin tarixi təkamülünə həsr olunmuşdur. 5 monoqrafiya, 50-dən çox elmi məqalə və dərsliklərin müəllifi olan Əsəd Dilbazovun əsərləri həm sovet dövründə, həm də müstəqillik illərində elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir.

O, uzun illər Azərbaycan Dövlət Universitetində və Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (indiki UNEC) dosent, professor, kafedra müdiri və fakültə dekanı vəzifələrində çalışmış, elmi təşkilatçılıq fəaliyyəti ilə də seçilmişdir. Beynəlxalq və ümumittifaq elmi konfranslarda, simpoziumlarda məruzələrlə çıxış etmiş, elmi mühitdə nüfuz qazanmışdır.

Professor Əsəd Dilbazov yalnız alim kimi deyil, həm də yüksək mənəvi keyfiyyətlərə malik, prinsipial, vicdanlı və məsuliyyətli ziyalı kimi tanınmışdır. Onu yaxından tanıyanlar Əsəd Dilbazovu geniş dünyagörüşlü, obyektiv düşüncəli, elmi həqiqətə sadiq bir şəxsiyyət kimi xatırlayırlar.

Elmi-pedaqoji fəaliyyətinə görə dəfələrlə dövlət və sahə mükafatlarına layiq görülən professor Əsəd Dilbazov 2002-ci ildə anadan olmasının 75 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Şöhrət” ordeni ilə təltif edilmişdir. Ömrünün son günlərinədək Azərbaycan Dövlət İqtisad Universitetində məsləhətçi-professor kimi fəaliyyətini davam etdirmişdir.

Professor Əsəd Dilbazovun zəngin elmi irsi, yetişdirdiyi tələbələr və formalaşdırdığı elmi məktəb Azərbaycan elminin yaddaşında daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay