A

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib. Tanınmış alim, fizika-riyaziyyat elmləri doktoru, professor Orucəli Həsən oğlu Rzayev ömrünün 70-ci ilində vəfat edib.

Orucəli Rzayev 1956-cı il mayın 11-də Qərbi Azərbaycanın Masis (Uluxanlı) rayonunda anadan olmuşdur. O, ali təhsilini Gəncə Dövlət Universitetində fərqlənmə diplomu ilə başa vurduqdan sonra bütün həyatını elm və təhsilin inkişafına həsr etmişdir. 1987-ci ildə namizədlik, 2004-cü ildə isə doktorluq dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini almışdır.

Professor O.Rzayev zəngin və şərəfli əmək yolu keçmişdir. O, Gəncə Dövlət Universitetində müəllimlikdən prorektor vəzifəsinədək yüksəlmiş, Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir və Zaqatala filiallarına rəhbərlik etmişdir. 2016-2023-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının direktoru vəzifəsində çalışaraq, universitetin bölgədəki fəaliyyətinin gücləndirilməsində və gənc kadrların yetişməsində müstəsna xidmətlər göstərmişdir. Son dövrlərdə isə fəaliyyətini Gəncə Dövlət Universitetinin "Riyazi analiz" kafedrasının müdiri kimi davam etdirirdi.

100-dən artıq elmi-metodiki əsərin, dərslik və məqalənin müəllifi olan professorun xidmətləri dövlətimiz tərəfindən də yüksək qiymətləndirilmişdir. O, "Tərəqqi" medalı və "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmuşdur.

Orucəli Rzayevin əziz xatirəsi onu tanıyanların, həmkarlarının və tələbələrinin qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

UNEC rəhbərliyi və kollektivi professor Orucəli Rzayevin vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay