Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Uğurun təntənəsi, gəncliyin bayramı” adlı tədbir keçirilib.
UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) və UNEC Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbir UNEC-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilovanın açılış nitqi ilə başlayıb. O, çıxışında Azərbaycan gəncliyinin cəmiyyətin inkişafında və ölkənin gələcəyinin formalaşmasında mühüm rolunu vurğulayıb, UNEC-də gənclər üçün yaradılan imkanlardan bəhs edib.
Tədbir çərçivəsində UNEC-in bir sıra tələbə təşkilatlarının Azərbaycan Gəncləri Günü münasibətilə hazırladıqları çıxışlar təqdim olunub, gənclərin fəallığı və təşəbbüskarlığı xüsusi qeyd edilib.
Eyni zamanda, “2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə UNEC-də ənənəvi olaraq keçirilən “İlin Ən Yaxşı Tələbəsi” müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqənin əsas məqsədi gənclərin təhsil, elm, ictimai fəaliyyət və şəxsi inkişaf sahələrində əldə etdikləri nailiyyətləri dəyərləndirmək, onların potensialını üzə çıxarmaq və fəal tələbələri stimullaşdırmaqdır.
Belə ki, hər fakültə üzrə 1 nəfər olmaqla, ümumilikdə 13 tələbə akademik göstəriciləri, təşəbbüskarlığı və universitet həyatında fəallığı ilə seçilərək “İlin Ən Yaxşı Tələbəsi” nominasiyasına layiq görülüb. Təltif olunan gənclər UNEC-də formalaşan sağlam rəqabət mühitinin, məqsədyönlü fəaliyyətin və gənclərə göstərilən etimadın bariz nümunəsi kimi dəyərləndirilib.
Fakültə dekanları tərəfindən namizədliyi irəli sürülən tələbələrə UNEC rektoru, professor Ədalət Muradovun adından fəxri fərmanlar, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən isə hədiyyələr təqdim olunub.
Bununla yanaşı, universitetin və THİK-in sosial-ictimai həyatında fəallığı ilə seçilən, tələbə həmrəyliyinin gücləndirilməsinə töhfə verən gənclər “İlin Ən Fəal Həmkarı” nominasiyası ilə təltif edilib, UNEC-in aktiv təşkilat sədrlərinə təşəkkürnamələr təqdim olunub. Bu təltiflər gənclərin liderlik bacarıqlarının, ictimai məsuliyyət hissinin və vətəndaş mövqeyinin təşviqinə xidmət edib.
Tədbir gənclərin enerjisini və yaradıcılıq potensialını əks etdirən musiqili-bədii proqramla yekunlaşıb.