A

UNEC-in “Elm gözəldir: məktəbdən elmə” təşəbbüsü çərçivəsində nümayəndə heyəti Naxçıvan Dövlət Universitetinin (NDU) nəzdində fəaliyyət göstərən Beynəlxalq Məktəbin şagirdləri ilə görüş keçirib.

Görüşün əsas məqsədi məktəblilər arasında elmi düşüncəni təşviq etmək və gəncləri erkən yaşlardan tədqiqatçılığa həvəsləndirmək olub.

UNEC rektoru, professor Ədalət Muradov, millət vəkili Vüqar Rəhimzadə, elm və innovasiya məsələləri üzrə prorektor Rövnəq Rzayev, professor Mahirə Hüseynova, akademik Muxtar İmanov və UNEC Elmin Populyarlaşdırılması Mərkəzinin direktoru dosent Etibar Əliyev görüşdə çıxış edərək şagirdlərə elmin əlçatanlığından bəhs ediblər.

Çıxış edənlər vurğulayıblar ki, elm uzaq və mürəkkəb bir sahə deyil, gündəlik həyatın bir parçasıdır. Bildirilib ki, ən böyük güc bilikdədir və elm sual verən, öyrənməyə açıq olan hər bir fərd üçün açıqdır. Rektor Ədalət Muradov gənclərə müraciət edərək, “Mən hələ məktəbliyəm, elm mənim üçün tezdir” yanaşmasının yanlış olduğunu, elmlə məşğul olmağın yaş həddi tanımadığını xüsusi qeyd edib.

Görüşdən sonra qonaqlar Beynəlxalq Məktəbin infrastrukturu ilə yaxından tanış olub, şagirdlərin laboratoriyalarda apardıqları təcrübələri izləyiblər. Gənc tədqiqatçıların elmi marağı və hazırlıq səviyyəsi qonaqlar tərəfindən yüksək qiymətləndirilib.

Tədbirin sonunda UNEC tərəfindən məktəbin kitabxanasına müxtəlif elmi-kütləvi və maarifləndirici ədəbiyyatlar hədiyyə edilib.

TOP XƏBƏRLƏR