Tədris mərkəzi Rusiya Federasiyasında fəaliyyət göstərən yeganə xarici universitet bölməsidir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının direktoru Qurban Qurbanov Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında humanitar, o cümlədən təhsil sahəsində əlaqələrin inkişafında göstərdiyi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib. Qurban Qurbanovla Azərbaycan-Dağıstan elmi-mədəni əməkdaşlığının dünəni və bu günü barədə müsahibəni təqdim edirik.
– Qurban müəllim, Prezident İlham Əliyevin Sərəncamı ilə “Dostluq” ordeni ilə təltif olunmağınız münasibətilə sizi təbrik edirik. Bu mükafat sizin üçün nə ifadə edir?
– Təşəkkür edirəm. Bu yüksək mükafat böyük qürur, eyni zamanda, məsuliyyət hissidir. Hesab edirəm ki, bu orden təkcə mənim fəaliyyətimə verilən qiymət deyil. Bu, Dağıstanda yaşayan azərbaycanlıların, Azərbaycan–Dağıstan dostluq münasibətlərinin inkişafına töhfə verən insanların, eləcə də UNEC-in Dərbənd filialının kollektivinin əməyinə verilən yüksək dəyərdir. Eyni zamanda, iki xalq arasında dostluq və əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərən mühüm bir qiymətləndirmədir. Prezident İlham Əliyevin bu diqqəti bizim üçün çox önəmlidir və mən Prezidentə əməyimizi yüksək qiymətləndirdiyi üçün təşəkkürümü bildirirəm.
– UNEC-in Dərbənd filialının tarixi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Filialın yaradılması təşəbbüsünün əhəmiyyəti barədə nə deyə bilərsiniz?
– Bəli, Dərbənd filialının yaradılması ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilib. O, Dağıstanı tarixi, mədəni və humanitar baxımdan çox yaxın hesab edirdi. Bu münasibətlərin kökündə həm də Əziz Əliyevin Dağıstandakı tarixi xidmətləri dayanırdı. O, müharibə illərinin ən ağır dövrlərində Dağıstan xalqına böyük dəstək göstərmişdi və bu yaddaş nəsildən-nəslə ötürülmüşdü.
Heydər Əliyev bu tarixi əlaqəni daha sistemli formaya saldı. Onun təşəbbüsü ilə Dərbənddə Azərbaycan ali təhsil müəssisəsinin filialının yaradılması ideyası reallaşdı. Bu, sadəcə, bir universitet açmaq deyildi, bu, gələcək nəsilləri bir-birinə bağlayan strateji humanitar layihə idi. Heydər Əliyev Dağıstana, burada və bütün dünyada yaşayan azərbaycanlılara hər zaman xüsusi diqqət göstərib. O yaxşı bilirdi ki, regionun inkişafı üçün savadlı, peşəkar kadrların hazırlanması vacibdir.
Qürurvericidir ki, bu təşəbbüs çox böyük müsbət nəticələr verdi. Filialın yaradılması ilə Dağıstan və xüsusilə Dərbənd gəncləri üçün keyfiyyətli ali təhsil almaq imkanları genişləndi. Məzunlarımız bu gün həm Dağıstanda, həm də Azərbaycanda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərirlər. Bu gün xüsusilə məmnunluq doğuran məqamlardan biri də odur ki, Ulu öndərin bu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
– UNEC-in Dərbənd filialının hüquqi statusu və fəaliyyəti barədə danışardınız.
– Bir vaxtlar Dərbənddə müxtəlif ali təhsil müəssisələrinin filialları fəaliyyət göstərirdi. Lakin sonrakı illərdə Rusiyada təhsil sahəsində tələblər əhəmiyyətli dərəcədə sərtləşdirildi və bir çox filiallar bu tələblərə cavab vermədikləri üçün fəaliyyətlərini dayandırdılar. UNEC-in Dərbənd filialı isə bütün təhsil standartlarına uyğun fəaliyyət göstərərək öz mövqeyini qoruyub saxlaya bildi. Filialımız Rusiya Federasiyasının Təhsil və Elm Sahəsində Nəzarət üzrə Federal Xidmətinin (Rosobrnadzor) verdiyi lisenziya əsasında fəaliyyət göstərir. Filialın maddi-texniki bazası, tədris infrastrukturu və akademik heyəti yüksək səviyyədə formalaşdırılıb. Tədrisin keyfiyyətinə xüsusi diqqət yetirilir.
UNEC-in Dərbənd filialı Rusiya Federasiyasında fəaliyyət göstərən yeganə xarici universitet filialıdır və bu, bizim üçün böyük qürur mənbəyidir.
– Filialın fəaliyyəti iki xalq arasında əlaqələrin inkişafına necə təsir göstərir?
– Mən hesab edirəm ki, UNEC-in Dərbənd filialı bu gün sadəcə ali təhsil müəssisəsi deyil, Azərbaycanla Dağıstan arasında humanitar və mədəni əlaqələri birləşdirən mühüm körpüdür.
Biz Azərbaycan və Dağıstan arasında keçirilən bütün mühüm tədbirlərdə fəal iştirak edirik. Filialımızda mütəmadi olaraq elmi konfranslar, mədəni tədbirlər, görüşlər və yubiley mərasimləri təşkil olunur. Bu tədbirlər iki xalqın ortaq tarixini, mədəniyyətini və dostluq münasibətlərini gənc nəslə daha yaxından tanıdır.
Xüsusilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin Dərbənd filialında böyük təntənə ilə qeyd olunmasını xüsusi vurğulamaq istərdim. Yubiley çərçivəsində universitetdə Heydər Əliyev Muzeyinin açılışı oldu. Burada Ulu öndərin Azərbaycana gəlmiş Dağıstan nümayəndələri ilə görüşlərinin nadir fotoları, tarixi sənədlər, arxiv materialları və onun Azərbaycan-Dağıstan münasibətlərinin inkişafındakı rolunu əks etdirən eksponatlar nümayiş olunur. Muzey bu gün tələbələr, qonaqlar və şəhər sakinləri üçün mühüm ziyarət məkanlarından birinə çevrilib. Eyni zamanda, hər il 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü universitetimizdə geniş şəkildə qeyd olunur.
– Sonda nə demək istərdiniz?
– Mənə göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə bir daha dərin minnətdarlığımı bildirirəm. Bu mükafatı Azərbaycan–Dağıstan dostluğunun inkişafına xidmət edən bütün insanların əməyinə verilən qiymət kimi qəbul edirəm.