A

UNEC-də Elmi Şuranın 2018/2019-cu tədris ilində sonuncu iclası keçirilib.

Elmi Şurada UNEC-in Elm və innovasiyalar üzrə prorektoru, professor Sakit Yaqubov “2018-ci ildə UNEC-in elmi fəaliyyəti haqqında” hesabatla çıxış edib. Hesabatda cari ildə UNEC-də həyata keçirilən elmi-tədqiqat işləri, respublika daxili və beynəlxalq  qrant layihələri, beynəlxalq və ümumrespublika səviyyəli elmi konfranslar, eləcə də nüfuzlu beynəlxalq bazalarda indeksləşən jurnallarda dərc olunan elmi məqalələr barədə məlumat verilib. Bildirilib ki, 2018-ci ildə UNEC üzrə impakt faktorlu jurnallarda dərc olunan məqalələrin sayı son 3 ildəkindən 1,6 dəfə çox olub.

UNEC-in rektoru, professor Ədalət Muradov bildirib ki, UNEC-in tədqiqatyönümlü universitet statusu alması istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticələr verir. Beynəlxalq reytinq agentliklərinin sıralamasında UNEC-in elmi fəaliyyətlə bağlı mövqeyinin daha da yüksəldiyini deyən rektor, müəllimlərin Web of Science və Scopusda dərc olunan məqalələrinin sayının sürətlə artdığını diqqətə çatdırıb. Ə.Muradov müəllimlərlə yanaşı, tələbə, magistr və doktorantların da bu istiqamətdə elmi potensialından istifadə olunmasının əhəmiyyətini vurğulayıb.

Sonra iqtisadi məsələlər üzrə prorektor, dosent Mikayıl Zeynalovun “2018-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə təsərrüfat fəaliyyətinin nəticələri haqqında” hesabatı dinlənilib. Ötən dövrlərlə müqayisədə UNEC-in büdcəsinin 2, orta aylıq əmək haqqının isə 1,4 dəfəyədək artığı bildirilib. Dövlət ali təhsil müəssisələri arasında UNEC müəllimlərinin əmək haqqının ən yüksək olduğu qeyd edilib.

Hər iki hesabat Elmi Şura üzvləri tərəfindən yekdilliklə qəbul olunub.

Elmi Şurada dərslik və dərs vəsaitlərinin yazılması və çapı ilə bağlı yeni meyarların hazırlandığı da bildirilib. Qeyd olunub ki, meyarlara cavab verən dərsliklər universitet hesabına nəşr olunacaq.

Şurada xaricdə tədqiqat aparmaq üçün dəvət almış professor-müəllim heyətinin əmək haqqı qaydaları barədə məlumat verilib. Professor Sakit Yaqubov qaydaların əsas müddəalarını səsləndirib. Yeni qaydalarda UNEC müəllimlərinin nüfuzlu universitetlərdə tədqiqat aparmaq üçün dəvət aldığı zaman, tədqiqat apardığı müddətdə onun əmək haqqının universitet tərəfindən ödəniləcəyi də əks olunub. Müzakirələrdən sonra yeni qaydalar təsdiqlənib.

Şurada bildirilib ki, İqtisadiyyat və idarəetmə ixtisasları üzrə magistraturanın tədris planında dəyişikliklər edilib. Dəyişikliyə əsasən, tədris planına “Akademik yazı” fənni əlavə edilib.

Digər yenilik isə UNEC-ə daha çox əcnəbi tələbələrin cəlb olunması ilə bağlı olub. Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru Sənnur Əliyev bu istiqamətdə həyata keçiriləcək layihənin müddəalarını açıqlayıb.

Elmi Şurada UNEC-də yaradılan Analitik İnformasiya Resursları Mərkəzi, Ekonofizika Tədqiqat Mərkəzi, Enerji İqtisadiyyatı Mərkəzi, UNEC Biznes Məktəbinin İnkişaf İqtisadiyyatı Tədqiqat Mərkəzi, UNEC Multikulturalizm Elmi-Tədqiqat Mərkəzi və Rəqəmsal İqtisadiyyat Mərkəzlərinin əsasnamələri təsdiqlənib.

 

TOP XƏBƏRLƏR